Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümü münasibətilə Moskvada keçiriləcək parad koronavirusla bağlı situasiyadan asılı olaraq, iyunun 24-nə keçirilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sabiq sədri (2001-2011), hazırda Dövlət Dumasındakı “Ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mironov bildirib.
“9 may nə qədər yaxınlaşırsa, Qırmızı Meydanda ənənəvi hərbi paradın keçirilməsi məsələsi hamını daha çox narahat edir. Həmin gün beynəlxalq əhəmiyyət daşıyır, lakin pandemiya səbəbindən artıq çoxlu sayda xarici qonaqlar səfərlərini təxirə salırlar”, – deyə Mironov bildirib.
O, qələbə paradının vaxtının dəyişdirilməsini son vasitə adlandırıb. Qeyd edib ki, əgər bütün hallarda paradın ertələnməsinin zəruriliyi məsələsi yenə də qaldırılsa, bunun üçün ən uyğun gün 24 iyundur. S.Mironov xatırladıb ki, tarixi qələbə paradı məhz 1945-ci il iyunun 24-də keçirilib.