Siyasi vəziyyətə nəzarəti necə bərpa etmək olar? Bu, Fransa Prezidenti Emmanuel Makronun COVID-19 böhranı başlayandan bəri özünə verdiyi sualdır. Bununla əlaqədar olaraq, onun qarşısında bir neçə fürsət açılır: Baş nazir dəyişikliyi, parlamentin ləğvi, referendum və istefa.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzetində dərc olunan məqalədə bildirilib.
Sonuncu fərziyyəyə - istefa iddiasına gəlincə, söhbətin mövzusu ortaya çıxan kimi siyasi dairələr bunu dərhal mümkünsüz saydılar, amma prezidentin özü bunu istisna etmir. Hər halda, o, iki həftə əvvəl çox məhdud sayda şəxsin yanında bu haqda danışıb. Məlumata görə, video bağlantı zamanı təxminən beş dəqiqə çıxış edib, riskə girməyə hazır olduğunu açıq şəkildə nümayiş etdirib.
Onlayn müzakirənin iştirakçılardan birinin sözlərinə görə, Emmanuel Makron, önümüzdəki həftə və ya aylarda erkən prezident seçkilərinin keçirilməsini istədiyini düşündüyünü söyləyib.
Makronun planı
Dövlət başçısının məqsədi son dərəcə aydındır: çətin bir dövrdə siyasi vəziyyətə nəzarəti bərpa etmək, çünki bununla rəqiblərini çətin vəziyyətdə tutacağına əmindir. Yeri gəlmişkən, bunu həmsöhbətlərinə də təsdiqləyib, onlardan maliyyə təmin etmələrini xahiş edib: “Əminəm ki, rəqibim olmadığına görə qazanacağam”.
Fakt budur ki, sollar bələdiyyə seçkilərindən sonra mövqelərini yaxşılaşdıra bilsələr də, prezident seçkisində vahid namizəd məsələsində razılaşma çətin olacaq. Sağ cəbhəyə gəlincə, bu qərarını həyata keçirmək üçün Xavier Bertrand və Fransua Baroinin süqutunu gözləməyə ehtiyac yoxdur.
Yeliseydə gizli müzakirə
Məlumata görə, Emmanuel Makron belə bir qərar verdiyini söyləməyib, lakin buna baxmayaraq, bu ssenariyə bir qrup insanın gözü önündə eyham vurub, lakin digər məsələlərə toxunmayıb. Məsələn, bütün Parisin danışdığı Baş nazir dəyişikliyi haqda. Mənbəmizin bu haqda sözləri belədir: “Yelisey sarayında bizə “prinsipcə hər hansı bir fərziyyəni istisna etmədiyimizi” söylədilər, ancaq sonra əlavə etdilər ki, istefa fərziyyəsi Yelisey sarayındakı toplantılarda planlaşdırılmayıb, ya da müzakirə edilməyib”.
Qollun istefası, Pompidunun ölümü
Heç bir şey prezidentin bir çox riskləri ehtiva edən bu radikal qərarı üzərində dayanacağını təsdiq etmir. 1958-ci ildən bəri Fransada iki dəfə erkən prezident seçkisi keçirilib: 1969-cu ildə general de Qollun istefasından sonra və 1974-cü ildə Jorj Pompidunun ölümündən sonra. Yenə də heç bir dövlət başçısı yenidən namizəd olmaq üçün postunu tərk etməyib.
Fransızlara soyuq duş
Fransızlar buna necə reaksiya göstərə bilər? Emmanuel Makron belə bir yolu tutarsa, seçiciləri razı salmaq üçün ciddi arqumentlər tapmalı olacaq. İqtisadiyyat və cəmiyyətdəki vəziyyət legitimliyi təsdiqləmək üçün belə bir cəhdi əsaslandıra bilər. Üstəlik, seçki kampaniyası çox qısa olardı. Konstitusiyanın 7-ci maddəsində deyilir ki, “Respublika Prezidenti vəzifəsinə (boş olduqda) yeni Prezidentin seçilməsi üçün səsvermə iyirmi gündən gec olmayaraq və otuz beş gündən gec olmayaraq keçirilməlidir”.
Amma Yelisey sarayında düşünmək və məsləhətləşmə dövrünün başlaydığını, hər şeyin indiki mühit üçün nəzərə alındığını deyirlər. Gözlənti də budur ki, Prezident Makronun qərarı yaxın həftələrdə və ya aylarda məlum olacaq.
Sarayın təkzibi
Cümə axşamı günü isə Yelisey sarayı yayılan iddialara təkzib verdi. “Respublika Prezidenti heç vaxt istefa haqqında danışmayıb”, - administrasiyadan “Frans Press”ə bildirilib. Bundan əlavə, açıqlamada Makronun videokonfransda iştirak etmədiyi bildirilib.