Rusiya Prezidenti Vladimir Putin və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edərək, Moskvanın vasitəçilik etməyə hazır olduğunu qeyd ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov videobağlantı vasitəsilə keçirilən müşavirədən sonra bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb:
"Davam edən eskalasiya ilə əlaqədar həddən artıq narahatlıq ifadə edildi, tərəflərin atəşkəs rejimi ilə təmin edilməsinə təcili ehtiyac duyulduğu, habelə vasitəçilik fəaliyyətinə hazırlıq vurğulandı”.
İclasda hər iki parlament palatasının spikerləri – Valentina Matviyenko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Daxili İşlər naziri Vladimir Kolokoltsev, Xarici İşlər naziri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Prezidentin ətraf mühitin qorunması, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.