Kürd Fəhlə Partiyasının (PKK) Türkiyədə təşkil etdiyi iğtişaşlar oktyabrın 9-da axşam saatlarına yaxın yenidən genişlənib və ağır nəticələrə səbəb olub. Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən məlumatına görə, ölkənin Bingöl şəhərində polis idarəsinə edilən silahlı basqın nəticəsində iki yüksək rütbəli polis məmuru şəhid olub, ikisi yaralanıb.
“Doğan” xəbər agentliyi, “Sabah” və “Hürriyyət” qəzetlərinin məlumatlarında isə bildirilir ki, Mardin vilayətində PKK silahlılarının jandarm idarəsinə silahlı hücumu nəticəsində 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. Antep şəhərində isə terrorçuların açdıqları atəş dörd nəfərin həyatına son qoyub, biri polis olmaqla yaralanmış iyirmi nəfər xəstəxanalara yerləşdirilib. Viranşəhərdə 3 orta məktəb binası və bir mədəniyyət mərkəzi yandırlıb. Adanada motosikletdən atəş açan terrorçu iki polis nəfərini ağır yaralayıb.
Hüquq mühafizə orqanları iğtişaşların qarşısının alınması üçün tədbirlər görür. Gün ərzində ayrı-ayrı şəhərlərdə əhali tərəfindən də terrorçulara qarşı kütləvi etiraz nümayişləri keçirilib. Xatırladaq ki, iğtişaşlar “İraq Şam İslam Dövləti” terrorçu qruplaşmasının Suriyanın Kobani şəhərinin tutması bəhanəsi ilə başlanıb.