Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefonla Minskdə 33 Rusiya vətəndaşının saxlanması ilə bağlı vəziyyəti müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları yaranan vəziyyətin, iki ölkə arasındakı əməkdaşlığa xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə inandıqlarını ifadə ediblər.
Bildirilib ki, Moskva Belarusda sabit daxili siyasi vəziyyətin qorunmasında və prezident seçkilərinin sakit şəraitdə keçirilməsində maraqlıdır.
Öz növbəsində, Belarus liderinin mətbuat xidməti dövlət başçısının məsələni ən ciddi şəkildə həll etməyə səy göstərdiyini vurğulayıb.
“Prezidentlər mövcud vəziyyətin əsl səbəblərini müəyyən etmək, günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək üçün mövcud olan hər bir faktı hərtərəfli öyrənməyə razılıq verdilər”, - açıqlamada bildirilib.