Qahirə Cinayət Məhkəməsi bu ölkədə fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” assosiasiyasının liderlərindən bir neçəsini “2011-ci il inqilabı” dövründə opponentlərini işgəncələrə məruz qoymaqda ittiham üzrə uzunmüddətli həbs cəzasına məhkum edib.
Teleqraf.com-un yerli KİV-ə istinadən verdiyi məlumata görə, “Müsəlman qardaşlar” assosiasiyasının rəhbərliyinin üzvü Məhəmməd əl-Beltaqi, vaiz Safuat Hiqazi, keçmiş parlamentin deputatı Hazem Faruk və Qətərin “Əl-Cəzirə” telekanalının əməkdaşı Əhməd Mənsur hərəsi 15 il həbs cəzasına məhkum olunub.
Qeyd etmək lazımdır ki, məhkəmədə 2011-ci ilin yanvar-fevral aylarında baş vermiş hadisələr araşdırılıb.
O vaxt kütləvi iğtişaşlar dalğasında Misirin sabiq prezidenti Hüsnı Mübarək istefa vermişdir. İslamçı assosiasiyanın bu iş üzrə mühakimə olunan daha bir neçə nümayəndəsi, o cümlədən gənclərin işləri üzrə sabiq nazir Üsəma Yasin 3 il dəmir barmaqlıqlar arxasında qalmalı olacaq.