Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçirən Fransa və İngiltərəyə məxsus qırıcılar Rusiyanın “Su-30” tipli döyüş təyyarələri tərəfindən uzaqlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, ABŞ və NATO-dan sonra Fransa və İngiltərə Silahlı Qüvvələrinə məxsus qırıcılar da Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçiriblər.
Qara dənizin bitərəf sularında uçuş reallaşdıran İngiltərənin “Raytheon Sentinel” və Fransanın “Breguet Atlantique P1150” tipli keşfiyyat qırıcıları Rusiya radarlarına düşüb.
Təyyarələrin Rusiya sərhədlərinə yaxınlaşmasından sonra “Su-30” tipli döyüş qırıcısı Cənub Hərbi Bölgəsindən havaya qalxıb. Qırıcı Fransa və İngiltərənin kəşfiyyat təyyarələrinin ölkə sərhədlərinə yaxınlaşmasına mane olub. Bundan sonra rəqiblər uçuş həyata keçirdikləri ərazidən uzaqlaşıblar.
Fransız qırıcılarının yaxın zamanlarda Qara dənizdə heç vaxt uçuş həyata keçirmədiyinə diqqət çəkən rus mediası iki ölkənin kəşfiyyat manevrlərini Paris və Ankara arasındakı gərginliyə və Türkiyənin bu su hövzəsindəki neft-qaz axtarışlarına bağlayıb. Məlumatda İngiltərə və Fransa Hərbi hava Qüvvələrinə məxsus qırıcıların Türkiyənin Qara dənizdəki fəaliyyətlərini müşahidə etdiyi qeyd olunub. London və Paris hələlik baş verənlərə rəsmi münasibət bildirməyib.