1 Sentyabr 2020 21:36
3 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir Şimali Koreya lideri Kim Çen Inın səhhəti ilə bağlı bir çox söz-söhbət var. Bu müddət ərzində bütün medianın diqqətini ailə üzvləri, xüsusən də həyat yoldaşı Li Sol Çju çəkir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Post” qəzeti yazıb.

Qəzet yazır ki, ərinin əmək qabiliyyətini itirməsi və ya vəfat etməsi fonunda Li Sol Çju ilə bağlı nə baş verəcəyi bəlli deyil. Bəzi KİV-lərin verdiyi məlumata görə, cütlüyün iqtidarı davam etdirmək üçün Kim Çen Inın xələfi ola biləcək ən azı bir kişi varisi var. Bununla birlikdə, qəzet qeyd edir ki, Şimali Koreya liderinin bacısı Kim Yo-Çjon hazırda faktiki olaraq ölkənin ikinci şəxsidir, amma bu xəbərlər də mübahisəlidir.

Şimali Koreyanın birinci xanımı haqqında məlumatlar məhduddur. Linin Çində vokal musiqi təhsili almağa getməzdən əvvəl Pxenyanda böyüdüyünə inanılır. Mütəxəssislərin fikrincə, hətta onun adı da demək olar ki, təxəllüsdür. Doğum tarixi 1985 və 1989-cu illər arasında dəyişir. Ailəsinin siyasi elitaya mənsub olduğu deyilir: anası yerli xəstəxanada ginekologiya şöbəsinin müdiri, atası isə universitet müəllimidir. Bununla belə, Şimali Koreyada Li Sol Çjunun atasının hərbçi olduğu barədə iddialar da var.

Cütlük 2009-cu ildə evlənsə də, toyları 2012-ci ilə qədər Şimali Koreya dövlət mediası tərəfindən təsdiqlənməyib. Cütlüyün evləndikdən təxminən bir il sonra valideyn olduqları qeyd edilir. 2010-cu ildə onların oğlu olub. Linin 2017-ci ilin fevralında üçüncü övladını dünyaya gətirdiyi, lakin cinsinin ictimaiyyətə hələ bəlli olmadığı bildirilir.

Şimali Koreya liderlərinin bütün arvadları kimi Li Sol Çju da kifayət qədər qapalı həyat tərzi sürür. Ancaq sələflərindən fərqli olaraq Kim Çenin arvadı ölkədə Qərb dövlətlərində olduğu kimi, birinci xanım roluna bənzər bir mövqe tutur: ərini tez-tez müxtəlif tədbirlərdə müşayiət edir. Hətta Şimali Koreya dövlət mediası Li Sol Çjuya əvvəllər istifadə edilən “yoldaş” əvəzinə “hörmətli birinci xanım” adını verib.

İyulun 1-də KXDR liderinin arvadının adı qalmaqalın mərkəzində idi. O zaman Cənubi Koreyadan Şimali Koreyaya atılan broşürlərdə Linin yarıçılpaq görüntüləri əks olunmuşdu. Ölkə lideri təhrikedici görüntülərə görə qəzəblənmişdi. Şimali Koreya buna cavab olaraq, Cənubi Koreyanın sərhəddəki rabitə qovşağını partlatmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər