Son təhdidlər Türkiyənin S-400 hava hücumundan müdafiə komplekslərinin nə qədər doğru və zamanında aldığını göstərir. S-400 sistemlərinin qurulması və aktiv hala gətirilməsi Aralıq dənizinin şərq hissəsini uçuşa qapalı bölgəyə çevirir. Bu, müharibə vəziyyətində Türkiyə üçün böyük avantajdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri analitik Yusif Erim Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında yaranan durum və Yunanıstanın müttəfiqləri ilə birlikdə atdığı addımları şərh edərkən deyib.
Fransa və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şərqi Aralıq dənizində Yunanıstandan təşkilatçı kimi istifadə etdiklərini ifadə edən analitik deyib ki, Liviyada qiyamçı Haftarı da bənzər şəkildə istifadə ediblər: “Fransa və BƏƏ-nin Yunanıstanın yanında durması hərbi baxımdan Türkiyə üçün problem yaratmaz”.
Müharibənin başlayacağı təqdirdə Yunanıstanın tək qalacağını bildirən Yusif Erim deyib ki, Fransa, BƏƏ və digər ölkələr Yunanıstana silah və maliyyə dəstəyi verə bilər, lakin nə Fransa, nə də BƏƏ silahlı qüvvələri bu müharibədə iştirak edəcək.
Müharibə nə Parisdə, nə də Abu-Dabidə olacaq. Müharibə olacaqsa, əsasən adalarda və Yunanıstanın sərhədləri yaxınlığında baş verəcək. Rəsmi Afina bunu sürətli şəkildə başa düşməlidir”.