“Bu gün dünyada ən böyük qarşıdurma Putinlə Qərb, Ərdoğanla Makron arasında yox, Trampla Makron arasındadır".
Teleqraf.com xəbər verir ki, bunu yazıçı-publisist Həmid Herisçi deyib.
O, bu münaqişənin tarixi köklərinin olduğunu bildirib:
“XVIII əsrin sonlarına yaxın Şimali Amerika Fransa və Britaniya arasında bölüşdürülmüşdü. Ancaq 1780-ci illərdə Fransa burdakı ərazilərini Britaniyaya uduzdu. Nəticədə Fransada inqilab baş verdi. Kral edam edildi və s. Ancaq Fransa konservatorlarının yerinə oturmuş inqilabçı Fransa tezliklə Amerikadakı ingilis kolonistlərini inqilaba, Britaniyaya qarşı üsyana sürüklədi. ABŞ bu cür, yəni Fransa inqilabının təsiri və təxribatı ilə yarandı. İndiki ABŞ demokratları o dövrün Fransa mirasıdır”.
Həmid Herisçi qeyd edib ki, məşhur “Azadlıq” heykəlini ABŞ-ın rəmzinə çevirənlər də elə fransızlardır:
“İndi mühafizəkar anqlo-sakslar bu ABŞ layihəsinin Fransa məzmununu azaltmaq, onu Fransa demokratizmindən qurtarmaq istəyirlər. Tramp iki il öncə Vaşinqtona gələn Makronu bərk abırdan salıb. Pencəyinin çiyinlərini, fotoqraflar qarşısında kəpəkdən təmizləyib. Deyib ki, “Deyəsən, siz düzgün şampundan istifadə etmirsiniz?”
Elə həmin gün Fransa parfumeriya şirkətlərinin səhmləri sürətlə aşağı enib. Makron isə suyu süzülə-süzülə Parisə qayıdıb. Makronun Ağ Evin həyətində əkdiyi ağacı isə Tramp kökündən çıxarıb. Beləliklə, əsas dava Ərdoğanla Makron arasında deyil, Makronla Tramp arasında gedir.
Səbəbi də budur ki, Tramp milli, suveren demokratiya tərəfdarıdır, Makron isə transmilli, “elektron dövlət” modelini dəstəkləyir. Qlobal elitalara işləyir, suverenliyi, milliliyi sevmir”.