“ABŞ lideri Donald Trampın ətrafı onun prezident seçkilərində məğlub olmağa hazırlaşmasının lazım olduğunu düşünməyə başlayıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” Ağ Evdəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, indiki dövlət başçısının müşavirləri onunla seçkilərdə məğlubiyyət ehtimalı və belə halda necə davranması barədə danışmağa başlayıblar.
Qəzetin yazdığına görə, Trampın yaxın ətrafı rəqibi Co Baydenin qalib elan ediləcəyi təqdirdə hakimiyyətin sülh yolu ilə keçidini təmin edəcəyinə dair açıq bəyanatlarla çıxış etməsində israr edir. Amma nəşr iddia edir ki, Tramp uduzacağı təqdirdə ənənəvi formatda “nəcib və səxavətli bir çıxış” edərək məğlubiyyətini qəbul etməyəcək.
Mənbələrdən biri qəzetə belə bir çıxışın hazırlanmasının müzakirə edilmədiyini deyib. Eyni zamanda, Trampın hələlik səslərin oğurlanmasında təkid etdiyini də söyləyib.
Bir mənbəyə görə isə Tramp çətin bir döyüşlə qarşılaşacağını artıq etiraf edib. Amma Tramp və ona yaxın olanlar yenə də seçkini qazanacağına və mübarizəni davam etdirməsi lazım olduğuna inanırlar. Co Baydenin qələbəsinin əvvəldən gözlənilən bir nəticə olduğuna inananlar isə bunu Trampa necə bildirəcəyini bilmirlər.