Rəsmi Kiyev separatçıların əsirliyində olan Ukrayna vətəndaşlarını azad etməkdən ötrü separatçılara bağlılığı olan 400-dək şəxsi qarşı tərəfə təhvil verməyə hazırdır. Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin məsləhətçisi Markiyan Lubkivski bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin 450 hərbi qulluqçusu separatçıların əsirliyində saxlanılır. Hökumət rəsmiləri Minsk müqaviləsinə uyğun olaraq, əsirlərin “hamının hamıya” prinsipi ilə mübadilə olunmasını təklif edirlər.
Əsirlərin mübadiləsi Donbas separatçılarının irəli sürdüyü bir sıra yeni tələblərə görə, dayandırılıb. Separatçılar Donetsk və Luqansk vilayətində onları dəstəkləyən separatçılara qarşı qaldırılan 1500-dən çox cinayət işinin ləğv olunmasını istəyirlər.
Lubkivski bunun müqabilində indiyədək saxlanılan 1400 nəfərdən 816-nın artıq azad edildiyini və hökumət təmsilçilərinin digər şəxsləri mübadilə etməyə hazır olduqlarını vurğulayıb: “Biz hamının azad edilməsinin tərəfdarıyıq. Kimisə burada ləngidib saxlamağa hazırlaşmırıq”.
Nail Cəlil