Fransada “Qlobal təhlükəsizlik” qanununun polisin şəklinin yayılmasını qadağan edən 24-cü maddəsinə görə yenidən aksiyalar başlayıb.
Teleqraf.com xəbər verir ki, Parisdə minlərlə insan etiraz aksiyası keçirmək üçün küçələrə axışıb, Respublika meydanına toplaşıb.
Polislə qarşıdurma yaşanıb, güc strukturları etirazçılara bibər qazı ilə müdaxilə edib.
Aksiya iştirakçıları “Mətbuata azadlıq”, “Polis şiddətinə son” şüarlarını səsləndiriblər.
Qarşıdurma zamanı 37 polis və jandarmın xəsarət aldığı bildirilir.
“Qlobal təhlükəsizlik” qanununun 24-cü maddəsi nümayişlər zamanı polisin şəklinin yayılmasını qadağan edir. Nümayişlər zamanı polis zorakı hərəkət etdiyi zaman belə onun şəkli yayılmamalıdır.
Mətbuat orqanları da bu maddəyə etiraz edir və nümayişləri işıqlandırmaq üçün jurnalist göndərməyəcəklərini bildiriblər.
Qeyd edilir ki, ifadə azadlığını pozan bu maddə etiraz nümayişləri zamanı polisin əl-qolunu açaraq zorakı hərəkətlərin cəzasız qalmasına aparır. Hətta bu maddənin ölkədə onsuzda son illər boğulan azadlıqların daha da məhdudlaşdırılmasına yol açacağı bildirilir.