Rusiyanın müdafiə müəssisələri helikopter tipli pilotsuz uçuş aparatlarının bazasında uzaq radiolokasiya mənzilli yeni kompleksi inkişaf etdirmək üzərində işə başlayıblar. Kompleks zenit raketləri rəqibin zərbə dronlarına yönəldəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə şənbə günü hərbi-sənaye kompleksindəki mənbə RİA Novosti-yə bildirib.
"Noyabr ayından bəri düşmənin kiçik ölçülü və aşağı sürətlə, aşağı və son dərəcə aşağı yüksəklikdə uçan pilotsuz uçuş aparatlarını izləyəcək və lazımı məlumatları hava hücumundan müdafiə qoşunlarının zenit raket komplekslərinə ötürəcək pilotsuz helikopterin hazırlanması davam edir", – deyə agentliyin həmsöhbəti bildirib.
Mənbə qeyd edib ki, kompleks üzərində iş hücum dronlarının artan rolunu göstərən son lokal konfliktlərin təcrübəsinin təhlili əsasında başlanıb. Agentliyin həmsöhbəti qeyd edib ki, iş mövcud zəmin əsasında aparılır, buna görə kompleks ən qısa müddətdə yaradılacaq.