“Vaşinqton post” qəzeti Çinin koronavirusa qarşı "Sinovac" peyvəndi barədə geniş məqalə yayımlayıb. Bu peyvənd dünya bazarına çıxarılıb. Bu peyvənd ilk dəfə hələ 2003-cü ildə SARS-a qarşı mübarizədə sınaqdan keçirilib. Ancaq ABŞ dərgisi yazır ki, vaxtilə bu peyvəndin təsdiqi üçün peyvəndi istehsal edən şirkətin rəhbəri müvafiq strukturlara rüşvət verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin yayımladığı analitik materialda bildirilib.
Məqalədə qeyd edilib ki, rüşvət qalmaqalı peyvəndlə bağlı müzakirələri genişləndirib:
“Nyu-York Universitetinin Tibb Mərkəzinin şöbəsinin müdiri Artur Kaplan deyib ki, şirkətin rüşvət tarixçəsinə sahib olması, peyvəndinə dair dərc olunmamış, araşdırılmayan məlumat iddiaları üzərində uzun bir şübhə kölgəsi yaradır.
“Vaşinqton post” qəzeti iddia edir ki, 2016-cı il məhkəmə ifadəsində “Sinovac”ın qurucusu və icraçı-direktoru Yin Veydonq peyvənd araşdırmalarına nəzarət edən tənzimləyici bir səlahiyyətli şəxsə və onun həyat yoldaşına 2002-2011-ci illərdə 83.000 dollardan çox rüşvət verib. Həmin rəsmi də rüşvətin müqabilində “Sinovac”ın peyvənd sertifikatlarını sürətləndirdiyini etiraf etib. Məhkəmənin hökmü ilə həmin çinli rəsmi 2017-ci ildə 10 il həbs cəzasına məhkum edilib.
Buna baxmayaraq, “Sinovac” peyvəndinin Braziliyadan tutmuş, Türkiyə və İndoneziyaya qədər inkişaf etməkdə olan ölkələrə tədarükü başlayıb. Braziliyanın San-Paulo şəhərinin qubernatoru Jao Doria bu peyvəndi “ən etibarlı peyvənd” adlandırıb. Bəzi məlumatlara görə, sınaqdan keçirilən bu peyvəndin 97 faiz müsbət nəticə verib. Ona görə də bu peyvəndə maraq böyükdür. Çinin özündə isə “Sinovac” peyvəndi ikinci yerdədir, dövlətə məxsus “Sinopharm” peyvəndləri təcili istifadə proqramı çərçivəsində daha geniş tətbiq olunur. Kan Sino və bir hərbi tədqiqat institutu tərəfindən hazırlanmış başqa bir Çin peyvəndi, Çin ordusu tərəfindən təcili istifadə üçün təsdiq edilib”.
Məqalədə vurğulanıb ki, bütün hallarda koronavirusun geniş miqyas aldığı ölkələrin peyvəndə ciddi ehtiyacı var:
“Qərb ölkələrində və Rusiyada tədricən peyvəndlənmə çalışmalarına başlayıb. Ancaq peyvəndlərin tətbiqinin çətinlikləri də var. Sınaqdan keçirilən peyvəndlərin istehsal gücü hələ zəifdir. Ona görə də kütləvi peyvəndlənmə hələ mümkün deyil. Peyvəndlənmə ilk növbədə risq qruplarından başlanmalıdır. Digər tərəfdən istənilən sınaqdan keçirilən peyvəndin mütləq tarixçəsi olmalıdır. Yəni elə olmamalıdır ki, ilkin mərhələdə sınaqdan uğurla keçən peyvəndin tətbiqi zamanı başqa problemlər üzə çıxsın. Çünki bu halda insanların həmin peyvəndə inamı azalacaq və peyvəndin kütləvi tətbiqi zəifləyəcək, bu isə koronavirusla mübarizədə yeni problemlər yaradacaq. Buna görədir ki, müxtəlif ölkələrin rəsmiləri və tibb ekspertlər peyvənd seçimində qərar verməkdə çətinlik çəkirlər”.