Böyük Britaniya Avropa Komissiyasının "Ebola" virusunun yayılması ilə mübarizə üçün bir milyard avro məbləğində xüsusi fondun yaradılması təklifini dəstəkləyir.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bəyan edib.
F.Hammond Aİ-nin 28 ölkəsinin rəhbərlərinin görüşünün keçirildiyi Lüksemburqda jurnalistlərə deyib: "Bu fonda bir milyard avro vəsait lazımdır. Söhbət səhiyyə üçün başlıca problemdən gedir. "Ebola" virusunun yaratdığı bu xəstəliyin nəzarət olunmadan yayılmasının qarşısını almaq üçün çox az vaxtımız var".
Onun sözlərinə görə, fondun vəsaiti Qərbi Afrikada xəstəliyə yoluxanların təcridi və müalicəsi üçün lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qərbi Afrika ölkələrində bu virusun qurbanlarının sayı artıq 4,5 min nəfəri ötüb, 9 minə yaxın insan isə yoluxub. Ən çox ölüm halları Liberiya, Syerra-Leone və Qvineyada qeydə alınıb.