“Türkiyə Prezidenti Ərdoğanın Bakı səfəri dekabrın 10-da baş tutdu. 1945-ci il dekabrın 10-da isə Güney Azərbaycan Türk Cümhuriyyəti öz müstəqilliyini elan etmişdi, iki gün sonra dövlət qurulmuşdu. Bir il içində də süquta uğradı. Ancaq kökü və mayası durur. İranın “qorxulu yuxusu” da budur”.
Teleqraf.com xəbər verir ki, bunu türk köşə yazarı Taha Dağlı deyib.
Yazar İranın Ərdoğanın Bakıda dediyi şeirə sərt təpki verməsinin bu qorxusundan irəli gəldiyini söyləyib:
“İran yarasında basılmış kimi fəryad edir. Səbəbi isə Ədoğanın Bakıda dediyi şeirdir. Bundan əvvəl İranın nüvə alimi Möhsün Fəxrizadə öldürülmüşdü, amma Tehranın buna səsi belə yüksək çıxmadı. Azərbaycanın cənubu, İranın şimalı – o bölgədə milyonlarla türk yaşayır. İran həmişə o türklərin bir gün dövlət quracaqlarından narahatdır. İran öz sərhədlərindəki türklərin yenidən dövlət quracağından qorxur. O qorxu İranın ən böyük yarasıdır.
Türklər bundan əvvəl bir dəfə öz müstəqil dövlətlərini qurublar. Ərdoğan o coğrafiyadan bəhs edən şeiri də həmin dövlətin müstəqillik gününə təsadüf etmişdi. Türkiyə Prezidenti Ərdoğanın Bakı səfəri dekabrın 10-da baş tutdu. 1945-ci il dekabrın 10-da isə Güney Azərbaycan Türk Cümhuriyyəti öz müstəqilliyini elan etmiş, iki gün sonra isə dövlət qurulmuşdu. O türk dövlətinin ömrü uzun olmadı, bir il içində də süquta uğradı. Ancaq kökü və mayası durur. İranın “qorxulu yuxusu” da budur.
Sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayanda İran o qorxunu iliyinə qədər hiss etdi. İllərdir Azərbaycana qarşı Ermənistanın dəstəklənməsinin səbəbi də bu qorxu idi. Prezident Ərdoğanın dediyi şeirlə bu qorxu üzə çıxdı”.
Taha Dağlı həmin şeirə görə Ərdoğanın İranda tənqid və təhqir edildiyini bildirib:
“Hətta İranda buna görə Ərdoğanı təhqir etməyənlərə hücum edirlər. Məsələnin bu qədər şişirdilməsinə gəldikdə, bu, nüvə alimi Fəxrizadəyə qarşı həyata keçirilən sui-qəsd, İsrail və ABŞ-dan təzyiqlərin artması ətrafında yaranmış ağır abı-havanı dağıtmaq üçün bir bəhanə oldu. Amma hara qədər? İran Qarabağ məsələsindən dərs almalıdır”.