19 Dekabr 2020 13:00
5 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika Nümayəndələr Palatası Ermənistanla münaqişəyə görə Azərbaycanı qınayan qətnamə layihəsi qəbul edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Belçika parlamentindəki bütün siyasi partiyaların birgə hazırladığı qətnamə layihəsində “Azərbaycanın Qarabağdakı yeni düşmənçiliyi” pislənilib.

Yekdilliklə qəbul edilən qondarma qanun layihəsində Belçika hökuməti “müharibədən zərər görən ermənilər”ə kömək etməyə, “müharibə cinayətləri”ni izləməyə və atəşkəs rejimini qorumaq üçün bir sıra tədbirlər görməyə çağırılıb.

Ermənipərəst millət vəkilləri, həmçinin “Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyinetmə hüququ”na hörmət edən bir sülh müqaviləsinin müzakirəsini tələb ediblər. “Layihə”də Türkiyənin də Dağlıq Qarabağdakı qarşıdurmada “mənfi rol” oynadığı iddia edilib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Belçika Nümayəndələr Palatasının qərarının nə tarixi, nə qanuni, nə də reallıqlar baxımından doğru olduğunu söyləyib.

Aksoy açıqlamasında Belçika Parlamentinin qərəzli davrandığını və ermənilərin yalan iddialarının alətinə çevrildiyini bildirib:

“Qərar Türkiyə-Belçika münasibətlərinə müsbət təsir etməyəcək, sülh və sabitliyi təmin etmək səylərinə xidmət göstərməyəcək. Bu cür qərarlar, eyni zamanda Ermənistanın həqiqətləri qəbul etməsi prosesini əngəlləmək, üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa təhrik etmək deməkdir”.

Aksoy 1915-ci il hadisələrinə istinadən edən qərarın xüsusilə də Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qanunlarının əsas prinsiplərinə zidd olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər