Yeni seçilən prezident Co Baydenin Milli Təhlükəsizlik komandasında Yaxın Şəq və Şimali Afrika məsələlərini koordinasiya edəcək vəzifəyə sabiq prezident Barak Obamanın İŞİD-lə mübarizədə xüsusi nümayəndəsi olmuş Brett Makqurku gətirməsi ABŞ-ın gələcəkdə Yaxın Şərq siyasətinin konturlarını cızmağa imkan verir.
Teleqraf.com ABŞ-ın Yaxın Şərq üzrə ən güclü mütəxəssislərindən olan və yaxın 4 ildə bu bölgə ilə bağlı işləyəcək Brett Makqurkun dosyesini təqdim edir:
Diplomatik karyerasına İraqda başlayan Makqurk 1973-cü ildə ABŞ-da doğulub, Kolumbiya Universitetində hüquq təhsili alıb. Bir müddət vəkillik fəaliyyəti ilə məşğul olub. 2004-cü ildə karyerasının istiqamətini diplomatiyaya çevirən kəşfiyyatçının ilk işi ABŞ-ın İraqdakı səfiri Con Neqopontenin köməkçisi kimi İraq Konstitusiyasının yazılması olub.
2004-2009-cu illərdə İraqda işləyən Makqurk İraqın yenidən dizayn olunması prosesində fəal iştirak edib, başqa sözlə İraqda yaradılan xaosun baş aktyorlarından biri olub. Sabiq prezident Corc Buşun dövründə Milli Təhlükəsizlik Müşavirliyinə gətirilib. Qısa müddətdən sonra prezident Buşun İraq və Əfqanıstan üzrə müşaviri olub.
2009-cu ildə hakimiyyətə gələn Barak Obama Makqurkdan vəzifəsini davam edirməsini istəyib.
2004-2009-cu illərdə İraqdakı fəaliyyətinin nəticəsində Makqurk 2014-cü ildə Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Con Allenin köməkçisi vəzifəsinə təyin olunub. Bir ildən sonra isə İŞİD üzrə prezidentin xüsusi nümayəndəsi təyin edilib.
Prezident Tramp 2017-ci ilin yanvarında hakimiyyətə gələndə İraq və Suriyada ciddi təsiri və rolu olan Makqurk sabiq Türkiyədəki səfir James Ceffrinin Suriya üzrə xüsusi nümayəndə təyin etməsindən sonra arxa plana çəkilib. Son dövrlərə qədər Makqurk əsasən aşağı səviyyətli fəaliyyətlə məşğul olub, daha çox İraqla maraqlanıb. Xüsusi nümayəndə Tramp administrasiyasının 2018-ci ilin dekabrında Suriyadan ordunun əksər hissəsini çıxarması haqda qərarından 3 gün sonra istefa edib.
İstefa məktubunda İŞİD-in hələ aktiv olduğunu, onun tam məğlub edilmədiyini bəyan edib və Suriyadan çıxmaq qərarını qüsurlu adlandırmaqla bərabər bu addımın terror təşkilatlarına meydan verəcəyini bildirib.
Makqurkun təsirli olduğu zaman Yaxın Şərqdə göstərdiyi fəaliyyət və tutduğu rollara baxdıqda Baydenin gələcəkdə bölgə strategiyasının siqnallarını ortaya çıxarır.
Kürdlərə muxtariyyət verən diplomat
Makqurk Yaxın Şərqdə xidmət keçdiyi 2004-2009-cu illərdə təsirli fiqur olub və məhz onun fəaliyyəti sayəsində İraqda etnik və məzhəbə əsaslanan xaos ölkəsinə çevrilməsinin təməli qoyulub. İraq xaosunun baş aktyoru olan Makqurk ölkədəki federal nizamın da memarı sayılır. Ən azından Şimali İraq Kürd Muxtariyyətinin adının vurğulanması yerinə düşərdi. Onun əlindən çıxan İraq konstitusiyası 2004-cü ildə sünni ərəblərin etirazına baxmayaraq qəbul edildi. Ölkəyə federal quruluş gətirən, xüsusilə kürd nüfuzunun üstünlük təşkil etdiyi şimal ərazilərinə azadlıq tanıyan konstitusiya ciddi ixtilaflara yol açsa da, 2005-ci ildə Ərbildə Kürd muxtariyyəti yaradıldı.
İraqda sünnilərlə şiələr arasında qarşıdurmanı körükləyən Makqurk bu addımı ilə İŞİD-in ortaya çıxmasına zəmin hazırlayan aktyor kimi də qiymətləndirilə bilər. İraq və Suriya arasında qeyri-rəsmi təmaslar yürüdən Makqurk İŞİD-in Mosulu işğal etdiyi zaman Ərbil və Kobanidə gözə dəyirdi.
Terror təşkilatının əsas dəstəkçisi
YPG/PKK terror təşkilatının əsas dəstəkçilərindən olan Makqurk şəbəkənin silahlanması, işğalçılıq addımlarına dəstək verməsi ilə yanaşı, onun terror libasından çıxıb, siyasi gücə dönüşü üçün də əlindən gələni edib.
Diplomat Suriyanın şimalında İŞİD-lə mübarizə bəhanəsi ilə YPG/PKK-ya dəstək verməklə daxili müharibədən sonra parçalanmış Suriya xəritəsini hazırladı. Məhz onun layihəsinə uyğun olaraq 2015-ci ildə YPG/PKK “Suriya Demokratik Qüvvələri” (SDG) adı altında birləşdi. Siyasi təşkilat kimi dünyaya təqdim edilməyə başladı. Və bu andan sonra başda Makqurk olmaqla, ABŞ rəsmiləri İŞİD-lə mübarizədə SDG-yə dəstək verdiklərini bəyan etməyə başladı.
“Zeytun budağı” və “Fırat Qalxanı” əməliyyatları
Makqurkun bu planları əgər Türkiyə Suriyada SDG/PYD/PKK-ya qarşı “Zeytun budağı” və “Fırat Qalxanı” əməliyyatları keçirməsəydi, uğurla başa çata və Yaxın Şərqin xəritəsi daha dərin formada dəyişə bilərdi. Türkiyənin bu addımı öz sərhədləri ətrafında terror ünsürlərini rədd etməsi ilə yanaşı, Suriyanın parçalanmasına da mane oldu.
Diplomat xüsusi nümayəndə olduğu zaman bir neçə dəfə Suriyanın şimalında YPG tərəfindən işğal olunan əraziləri ziyarət edib, hətta bu ziyarətlərin bəzisi mətbuatda tirajlanıb. Yeri gəlmişkən, Kobaninin İŞİD-dən alınıb YPG-nin nəzarətinə girməsinin birinci il dönümündə - 2016-cı ilin fevralın 1-də Makqurkun YPG liderlərindən Polad Canın əlindən çağırış şuarını aldığı fotoları yayıldı.
Ankaranın etirazlarına rəğmən Makqurk 2016-cı ildə təkrar terrorçuların nəzarətindəki ərazilərə səfər edərək dəstəyini təkrarladı. Üstəlik 2017-ci ilin mayında Rakkanın şimalına gedərək YPG/PYD nöqtələrini ziyarət etdi, Şahin Çilo, Aldar Xəlil və Ənvər Müslüm kimi terror liderləri ilə görüşdü.
Ərəb və Farsa dillərini mükəmməl bilən kəşfiyyatçı
Makqurkun siyasi təfəkkürü, məxfi müzakirələrdə uğurlar əldə etməsi, təcrübəsi və ərəb, fars dillərini mükəmməl bilməsi ona ayrıca şans yaradır. Yaxın Şərqdə bu iki dili bilməsi diplomatın asan əlaqələr qurması, gizli görüşmələr və razılaşmalar əldə etməsi baxımından faydalı sayılır. Üstəlik Yaxın Şərq mövzusunda bölgəni ABŞ və İsrail xeyrinə dizayn edəbiləcək səviyyədə uğurlu kəşfiyyatçı olmasına imkan verir.
Co Beydenin bu kəşfiyyatçı-diplomatla bağlı seçimi Yaxın Şərq mövzusunda Türkiyəyə qarşı Donald Trampdan daha sərt mövqe tutacağını ortaya qoyur. İrana qarşı sanksiya tətbiq edərək, Türkiyə və Rusiya ilə müzakirələr yolunu seçən Trampdan daha sərt siyasət hazırlayacağı niyyətindən xəbər verir. Trampdan fərqli Baydenin İranla danışıqlara gedib, Rusiya və Türkiyəyə qarşı basqı siyasətinə keçid edəcəyi ən real gözləntidir.D