Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya lideri Vladimir Putin və Ermənistan baş naziri ilə yanvarın 11-də Moskvada baş tutan görüşü Dağlıq Qarabağın bərpası üçün genişmiqyaslı işlərin başlanğıcı olacaq.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Ekspert qeyd edib ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda vaxt məhdudiyyəti səbəbindən bir çox müddəa ümumi şəkildə ifadə edilmişdi. Korotçenkoya görə, ayın 11-dəki görüş bir sıra məsələləri konkretləşdirməyə imkan verib - xüsusən də Naxçıvan muxtariyyəti ilə Azərbaycanın qalan hissəsi arasında nəqliyyat dəhlizinin yaradılması məsələsinə:
“Bu layihənin həyata keçirilməsindən bölgədəki bütün ölkələr əhəmiyyətli iqtisadi dividendlər götürəcəklər. İndiyə qədər ilk işçi qrupunun yaradılmasını görürük. Aydındır ki, tərəflər iqtisadi və infrastruktur məsələlərində tez bir zamanda fikir birliyinə gəliblər”.
Korotçenko hesab edir ki, Rusiya və Ermənistan arasında Azərbaycan ərazisindən keçən dəmir yolu əlaqəsinin işə salınması tərəflərin yeni reallığı bildiklərini və dinc həyata hazırlaşdıqlarını göstərir:
“Nəqliyyat dəhlizinin yaradılması mövcud həqiqətlərin dərk edilməsidir. Qarabağdakı müharibə bitdi, Azərbaycan ərazi bütövlüyünü bərpa edir. Qarşıdakı hədəf bölgənin iqtisadi inkişafı məsələsidir. Bu nəqliyyat dəhlizləri bütün tərəflərə faydalı olacaq.
Ermənistan qisas almaq fikrindən imtina etməli, yeni reallığa Ermənistan iqtisadiyyatını gücləndirmə prizmasından baxmalıdır, çünki yeni nəqliyyat dəhlizləri Ermənistanın özü də daxil olmaqla hər kəsin xeyrinə işləyəcək. Bu, heç vaxt olmayacaq qisas xəyallarından daha yaxşı və daha sərfəlidir”.
Mütəxəssis Qarabağ məsələsinin hələ də həll olunmadığını bildirən Nikol Paşinyanın sözlərini də şərh edib. Korotçenkoya görə, bu cür bəyanatlar Ermənistanın daxili auditoriyasına hesablanıb:
“Hansı status? Bu məsələ çoxdan bağlanıb. Azərbaycan 44 günlük müharibədə qalib gəlib. Ancaq Paşinyan daxildəki tənqidlərin intensivliyini azaltmaq üçün bu məsələni qaldırmaq qərarına gəlib. Danışıqlar zamanı yalnız erməni tamaşaçılarına göstərmək üçün bu məsələni qaldırdı. Praktiki baxımdan bu, sabun köpüyündən başqa bir şey deyil.
Düşünürəm ki, özü də bunu başa düşür, erməni elitası da, erməni cəmiyyəti də. Müxalifətin mitinqləri praktiki olaraq boşa çıxdı, erməni cəmiyyəti yorulub və yeni bir müharibə istəmir. İndi gerçəklərdən xəbərdar olmaq və bu həqiqətlərlə uzlaşmaq məsələsi var. Ermənistanın əsas vəzifəsi başqalarının əraziləri haqda xəyal qurmaq deyil, öz gələcəyini düşünməkdir”.