İranda edama məhkum edilmiş güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin vəkili müvəkkilinin məhkəmə işindəki son durumla bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, vəkil Hilalə Musəviyan Əhməd Rza Cəlalinin hazırda Tehranda Evin həbsxanasında təkadamlıq kamerada saxlanıldığını deyib.
Musəviyanın sözlərinə görə, müvəkkilinin məhkəmə işində heç bir dəyişiklik olmayıb. Məhkumla görüş və telefon danışığına icazə verilmir.
Musəviyan alimin noyabr ayının sonlarında yeni palataya köçürüldüyünü, barəsində verilən edam qərarının dəyişmədiyini söyləyib.
Vəkilə görə, gərgin danışıqlardan sonra hələlik edam hökmünün icrası dondurulub.
Hilalə Musəviyan Əhməd Rza Cəlalinin İsveç vətəndaşı olduğunu vurğulayaraq, İran və İsveç arasında gedən diplomatik danışıqların nəticəsini gözləmək məcburiyyətində olduqlarını deyib.
Qeyd edək ki, Əhməd Rza Cəlali 2016-cı ildə Tehran Universitetinin rəsmi dəvəti ilə İrana gələrkən həbs olunub. O, “düşmən dövlətlərlə əməkdaşlıq” və “İsrailə casusluq” ittihamı ilə edam cəzasına məhkum edilib.