22 Fevral 2021 13:13
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko ilə Vladimir Putin arasında Soçidə keçiriləcək görüşün əsas mövzusu Minskə yeni kreditin ayrılması olacaq.

Teleqraf.com xəbər verir ki, belaruslu politoloq Vsevolod Şimov belə hesab edir.

“Mən düşünürəm ki, hansısa fövqəladə müqavilə gözləmək lazım deyil. Çox güman ki, əsas mövzu Belarusa növbəti kreditin ayrılması olacaq. Çünki rəsmi Minsk üçün indi sosial-iqtisadi sahədə sabitliyin pozulmasının qarşısını almaq vacibdir. Bu, yeni siyasi qarışıqlıq dalğasına səbəb ola bilər”, – deyə Şimov RİA Novosti-yə bildirib.

Eyni zamanda ekspert Belarus tərəfinin “əvvəllər dəfələrlə edildiyi kimi real inteqrasiyanın dərinləşdirilməsi məsələsini süründürməyə” çalışacağına inanır. Şimovun sözlərinə görə, Minskdə Rusiya ilə daha sıx yaxınlaşmağı “Belarusun suverenliyinə təhdid kimi qiymətləndirirlər və bu yanaşma dəyişməz olaraq qalır”.

“Digər məsələ budur ki, indi Minskin danışıqlarda mövqeyi Qərblə qarşıdurma ilə əlaqədar olaraq zəifdir. Bu isə “çoxvektorlu” kursu mümkünsüz edir. Mən Rusiya ilə Qərb ölkələri arasında son illər ərzində aparılan manevrləri nəzərdə tuturam. Bu, Belarus tərəfini müəyyən güzəştlərə getməyə məcbur edir”, – deyə agentliyin həmsöhbəti qeyd edir.

Şimov, xüsusilə diqqəti Belarusun artıq tranzit yüklərinin bir hissəsini Baltikyanı ölkələrdən Rusiya limanlarına yönəltməyə razılaşmasına ayırıb. Hərçənd ki, onlar əvvəllər ideyanı yaxına buraxmırdılar. Bununla əlaqədar olaraq politoloq hesab edir ki, Soçidəki danışıqlar zamanı Belarus tərəfi “qarşılıqlı inteqrasiya münasibətləri məsələlərində daha çox güzəştlərə getmək məcburiyyətində qalacaq. Baxmayaraq ki Belarus bu inteqrasiyanı sırf simvolik şeylərdə etməyə çalışır”.

Bundan əvvəl Kremlin mətbuat xidməti V.Putinlə A.Lukaşenko arasında danışıqların fevralın 22-də Soçidə aparılacağını bildirmişdi. Lukaşenko Rusiyaya fevralın 19-da işgüzar səfərə gedib. Bu barədə onun mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, Lukaşenko rusiyalı həmkarı ilə digər nəsnələrlə yanaşı hərbi təhlükəsizlik sahəsi də daxil olmaqla ortaya çıxan çağırışlara birgə cavab vermək məsələsini müzakirə etmək niyyətindədir. Səfərdən əvvəl Lukaşenko Minskin Rusiyadan üç milyard dollar dəyərində yeni kredit istəməyi planlaşdırdığı barədə şayiələri təkzib edərək “Moskvaya bir şey istəməyə getmədiyini” qeyd etmişdi.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər