26 Fevral 2021 01:36
2 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun qızı Şahzadə Lətifə atasının onu girov saxladığını söyləyərək, İngiltərə polisindən 20 il əvvəl böyük bacısı Şahzadə Şəmsənin itkin düşməsini yenidən araşdırmasını istəyib.

Teleqraf.com xəbər verir ki, Şahzadə Lətifə Kembric polisinə ünvanladığı məktubunda bacısı Şəmsənin İngiltərədə yaşayarkən atası tərəfindən qaçırıldığını bildirib.

“Sizdən istədiyim tək şey bu məsələyə diqqət yetirməkdir. Çünki bu, onun azad olunmasını təmin edə bilər. Kömək və diqqətiniz onu azad edə bilər”, - Lətifə deyib.

O, bacısının İngiltərə ilə güclü əlaqələrinin olduğunu vurğulayıb: “Bu, çox mürəkkəb və ciddi bir məsələdir və ictimaiyyətə açıqlaya bilmədiyim tərəfləri var”.

BBC Şahzadə Lətifənin 2019-cu ildən bir villada girov saxlanıldığını, burada yazdığı məktubun dostları tərəfindən Kembric Polis İdarəsinə göndərdiyini bildirib.

Hazırda 38 yaşında olan Şəmsə 2000-ci il avqustun 19-da Kembricdə yoxa çıxıb. O vaxtdan bəri görünməyən şahzadənin atasının əmri ilə zorla BƏƏ-yə aparıldığı ehtimal olunur.

Şahzadə Lətifə də 2018-ci ildə ölkəni dəniz yolu ilə tərk etmək istəyərkən Hindistan sahillərində tutulub və ölkəyə geri aparılıb. Bir çox insan haqları müdafiəçisi Lətifənin geri qaytarılmasını “adam oğurluğu” adlandırıb.

O, fevralın 16-da yayımladığı bir videoda atasının onu bir villada girov saxladığını, qapıları bağladığını və polislər tərəfindən qorunuluğunu deyib. O, tibbi və hüquqi yardım almaq imkanının olmadığını da söyləyib.

Şeyx əl-Məktumun keçmiş həyat yoldaşı Şahzadə Haya da 2019-cu ildə iki övladı ilə İngiltərəyə qaçıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər