10 Aprel 2021 23:42
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara dəniz sülh, əmin-amanlıq və əməkdaşlıq dənizi olmalıdır. Mövcud böhran diplomatik üsullarla sülh yolu ilə həll olunmalıdır. Narahatlıq doğuran bu vəziyyətin bir an əvvəl başa çatmasını və atəşkəsin davam etməsini diləyirik.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində işgüzar səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə ortaq media açıqlamasında bildirib.

Ən qısa müddətdə Azad Ticarət Sazişinin imzalanaraq iki ölkə arasında ticarət həcminin hədəflənən 10 milyard dollara çatdırılacağına ümidvar olduğunu vurğulayan Prezident Ərdoğan deyib: “Bu gün əziz dostumla iqtisadi və humanitar əlaqələrimizin ən vacib məqamı olan turizmi müzakirə etdik. Türkiyə və Ukrayna vətəndaşları bir-birlərinin ölkələrinə qarşılıqlı pasportsuz, yalnız şəxsiyyət vəsiqələri ilə səfər edə bilirlər. Bildiyiniz kimi, ölkəmizdə təhlükəsiz turizm sertifikatı ilə qonaqlarımızı riskə atmadan qəbul edəcək bir sistem qurmuşuq”.

İki ölkə arasındakı dialoqun sözdə deyil, reallıqda da keçərli olduğunu vurğulayan Ukrayna Prezidenti deyib: “Bir çox məsələlərə Kiyevlə Ankaranın baxışı eynidir. Ölkələrimiz arasında ticarət həcminin artırılması və Azad Ticarət Sazişinin imzalanması olduqca vacibdir. Təyyarə istehsalı sahəsindəki əməkdaşlığımızı da müzakirə etdik. Müdafiə sənayesi strateji tərəfdaşlığımızın təkanverici qüvvəsidir”.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın üç saat davam edən təkbətək görüşündən sonra prezidentlər Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclasına qatılıblar. İki ölkə heyətləri arasında görüş keçirilib və ikitərəfli əməkdaşlığa dair bir sıra sənəd imzalanıb.


Müəllif: Teleqraf.com