Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a qarşı cavab sanksiyalarının siyahısını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, siyahı nazirliyin rəsmi saytında yayımlanıb.
Qərara əsasən, Moskva 10 amerikalı diplomatı ölkədən çıxaracaq, Rusiya və üçüncü ölkə vətəndaşlarının ABŞ səfirliyi və ya baş konsulluğuna işə götürülməsinə son qoyulması üçün tədbirlər görəcək və amerikalı diplomatların bazalarından kənarda səyahət etmələrini qadağan edəcək.
Eyni zamanda, Rusiyanın daxili işlərinə qarışan Amerika fondlarının və qeyri-hökumət təşkilatlarının işinin məhdudlaşdırılması üçün tədbirlər görüləcək. Bundan əlavə, yaxın gələcəkdə nazirlik “qara siyahı”ya daxil ediləcək 8 ABŞ rəsmisinin adlarını açıqlayacaq.
Xarici İşlər Nazirliyi Vaşinqtonun sanksiya siyasətinə davam edəcəyi təqdirdə, rəsmi Moskvanın iqtisadi variantlar da daxil olmaqla digər variantları da araşdıracağını vurğulaylb.
Nazirlik Moskvanın Vaşinqtonla münasibətlərdəki gərginliyin daha da artmasının qarşısını almaq istədiyini və dialoqa açıq olduğunu vurğulayıb:
“Bununla belə, reallıq budur ki, Vaşinqtondan bir söz eşidirik, amma praktikada tamamilə başqa bir şey görürük. Heç bir şübhə olmamalıdır, heç bir sanksiya cəzasız qalmayacaq”.
ABŞ Prezidenti Co Bayden aprelin 15-də Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini imzalamışdı.