Taliban döyüşçüləri Əfqanıstanın paytaxtı Kabilin 30 kilometrliyindəki Narh qəsəbəsinə nəzarəti ələ keçirib.
Teleqraf.com-un məlumatına görə, paytaxt Kabil yaxınlığında yerləşən Maydan Vardak vilayətinin valisi Əbdül Rəhman Tarik deyib ki, Taliban döyüşçüləri Narh qəsəbəsinə ötən gün axşamdan hücuma keçiblər.
Təhlükəsizlik qüvvələrinin geri çəkildiyini qeyd edən vali bildirib ki, Narh qəsəbə mərkəzi Talibanın nəzarətinə keçib. Əfqanıstan Müdafiə Nazirliyi isə qəsəbəni geri almaq məqsədilə əməliyyat keçiriləcəyini elan edib Taliban isə qəsəbədən əlavə daha bir polis bölməsinə nəzarəti ələ aldığını elan edib.
Qeyd edək ki, mayın 5-də Taliban Bağdan vilayətinin Burka qəsəbəsini də ələ keçirib. İşin maraqlı tərəfi budur ki, Ramazan bayramı münasibəti ilə Taliban 3 günlük atəşkəs elan etmişdi. Bütün bunlar əslində Əfqanıstanda vətəndaş müharibəsinin ayaq səsləridir və bu proses ABŞ və NATO ordusunun ölkədən çıxması ilə paralel baş verir.