19 İyun 2021 12:39
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın 8-ci prezidenti seçilən 60 yaşlı İbrahim Rəisi ifrat mühafizəkar xəttin nümayəndəsidir və ölkənin dini lideri Əli Xameneyiyə yaxınlığı ilə tanınır. Təsadüfi deyil ki, o, əvvəllər Xameneyinin dəstəyi ilə bir çox həssas missiyalara rəhbər təyin olunub.

Teleqraf.com xəbər verir ki, 2017-ci ildə prezident seçkilərində o, rəqibi Həsən Ruhaniyə məğlub olmuşdu.

İbrahim Rəisi 1960-cı il dekabrın 14-də İranın Məşhəd şəhərinin Noğan kəndində anadan olub. Noğanda Cavadiyyə ibtidai məktəbini bitirdikdən sonra Məşhəddəki Nəvvab mədrəsəsində təhsilinə davam edib.

Mədrəsədən məzun olduqdan sonra İbrahim Rəisi dini təhsilini Ayətullah Seyid Məhəmməd Musəvinəjad mədrəsəsində davam etdirib.

Daha sonra Ayətullah Musevinəjadın tövsiyəsi ilə Qum şəhərindəki Ayətullah Burucərdi mədrəsəsində təhsil alıb.

Tehrandakı Mütəhhəri məktəbində qısa müddətdə oxuduqudan sonra marksist qruplarla mübarizə aparmaq üçün ölkənin dini lideri Əli Xameneyinin Xuzistan vilayətinin Məscid Süleyman şəhərindəki nümayəndəsi Şeyx Hadi Mərvinin köməkçisi olaraq göndərilib.

İbrahim Rəisinin Məscid Süleyman şəhərindəki vəzifəsi bitdikdən sonra Xorasana dönüb. Xorasanın Şahrud şəhərində siyasi-ideoloji təhsil mərkəzi qurub. Qısa müddətdə bu mərkəzin direktoru vəzifəsində çalışdıqdan sonra İranın baş prokuroru Ayətullah Əli Qüdsinin tələbi ilə Tehrana çağrılıb və 1980-ci ildə Kərəc şəhərinin baş prokuroru vəzifəsində işləməyə başlayıb.

Bir il bu vəzifədə çalışdıqdan sonra - 1981-ci ildə Həmədan şəhərinin baş prokuroru vəzifəsinə göndərilib. Beləliklə, 20 yaşlı Rəisi eyni anda həm Kərəc, həm də Həmədan şəhərinin baş prokuroru olub.

İbrahim Rəisi 1985-ci ildə Tehran baş prokurorunun müavini, 1989-cu ildə Tehranın baş prokuroru, 1995-ci ildə Müfəttişlik İdarəsinin rəisi, 2005-ci ildə İran məhkəmə sisteminin başçısının birinci müavini, 2006-cı ildə dini məhkəmə sisteminin baş prokuroru olub. 2015-ci ildə isə ölkənin baş prokuroru təyin olunub.

İbrahim Rəisi İranın ən nüfuzlu din adamlarından biri Əhməd Ələmolhodanın qızı Cəmilə ilə evlidir.


Müəllif: Mənsur Rəğbətoğlu