Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Alasaniya “Rustavi-2” telekanalının efirində bildirib.
“Mən heç nəyi istisna etmirəm, əgər məni bir siyasi lider kimi həbs etmək istəyirlərsə..., qoy etsinlər, lakin günahsız insanlara toxunmasınlar”, deyə o bildirib.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən gün müdafiə naziri İrakli Alasaniyanı tutduğu vəzifədən azad edib. Buna səbəb kimi Müdafiə Nazirliyinin “özəlləşdirilməsinin” və “istintaqa əngəl törədilməsinin” qarşısının alınması göstərilir.
Qərar verilməzdən əvvəl müdafiə naziri İrakli Alasaniya bəyanatla çıxış edərək Müdafiə Nazirliyinə məqsədli hücumun həyata keçirildiyini qeyd edib. İrakli Alasaniya qeyd edib ki, onun rəhbəri olduğu qurum Gürcüstanı NATO və Avropa İttifaqı ilə birləşdirən yeganə qurum olub və prokurorluğun addımlarını Gürcüstanın Avroatlantik seçiminə qarşı hücum adlandıraraq hakim koalisiyasının Siyasi Şurasının çağırılmasının tələb edib.
Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və böhranların idarəetməsi şurasının katibi vəzifəsində çalışıb.
İrakli Alasaniyanı istefaya göndərildikdən sonra onun silahdaşı olan Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verib.
Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze hazırkı hökumətin tərkibindəki “Bizim Gürcüstan – Azad demokratlar” partiyasının rəhbəri İrakli Alasaniyanın komandasından olan nazirlərin hamısının istefaya göndəriləcəyini istisna etməyib.
Vyanada səfərdə olan qonşu dövlətin prezidenti Georgi Marqvelaşvili Gürcüstandakı son hadisələri şərh edərkən qeyd edib ki, siyasi qarşıdurma ölkənin NATO-ya inteqrasiyasına əngəl törədə bilər: "Siyasi qarşıdurma ölkədəki institutların səmərəli fəaliyyətini, dövlətin Avroatlantik inteqrasiyasını, və ən əsası, ölkəmizin suverenliyinin təminatçısı olan ordunu təhlükə altına atır".
Xatırladaq ki, bundan əvvəl Gürcüstan Müdafiə Nazirliyinin bir qrup yüksək çinli əməkdaşı 2 mln dollar məbləğində büdcə vəsaitlərini talan etməkdə təqsirli bilinərək həbs olunub.
Bundan başqa, ötən gün prokurorluq 2013-cü ildə hərbçilərin kütləvi zəhərlənməsi ilə bağlı Gürcüstan Müdafiə Nazirliyinin daha bir qrup yüksək çinli əməkdaşına səhlənkarlıq ittihamı irəli sürüb.
Prokurorluqdan, həmçinin, bildirilib ki, Müdafiə Nazirliyinin daha bir qrup əməkdaşının tikinti tenderi ilə bağlı yol verdiyi nöqsanlara dair istintaq aparılır.
Gürcüstan mətbuatı qeyd edir ki, Alasiniyanın rəhbəri olduğu “Bizim Gürcüstan – Azad demokratlar” partiyası “Gürcü arzusu” hakim koalisiyasını tərk edəcəyi təqdirdə “Gürcü arzusu” 10 deputat mandatını və nəticədə olaraq parlamentə çoxluğu itirmiş olacaq.