Fransanın sement şirkəti “Lafarge” ilə İŞİD terror təşkilatı arasındakı gizli razılaşma ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, Fransa kəşfiyyat xidmətinə aid 2014-cü il avqust tarixli məxfi qeyddə “Lafarge”nin Suriyadakı fəaliyyətini davam etdirmək üçün İŞİD-lə razılaşdığı bildirilib.
Fabriki ələ keçirən İŞİD-in “Lafarge”yə ticarət fəaliyyətinə davam etməsi və nəzarətindəki ərazilərə giriş icazəsi verdiyi qeyd olunan sənəddə bu icazənin arxasında razılaşmanın olduğu deyilib.
Məlumatda razılaşma tarixində “Lafarge”nin Suriyanın şimalındakı Cəlabəyadakı sement fabrikinə nəzarətini hələ də əlində saxladığı və terror təşkilatının 2014-cü ilin sentyabrında fabriki ələ keçirdiyi qeyd edilib.
Fransız şirkətinin öz fəaliyyətini davam etdirməsi üçün İŞİD-ə xərac verdiyi söylənilib.
Anlaşma media tərəfindən deşifrə edildikdən sonra şirkətin rəhbərliyinə cinayət işi açılıb. Şirkət “terror təşkilatını maliyyələşdirmə”, “sanksiyanı pozma” və “işçilərinin həyatını təhlükə altına atma”da ittiham edilir. Paris Apelyasiya Məhkəməsinin “Lafarge”yə son ittihamı iyulun 15-də verəcəyi gözlənilir.
“Lafarge” 2013-2014-cü illər arasında Suriyadakı fəaliyyətlərini davam etdirmək üçün İŞİD də daxil olmaqla terror təşkilatlarına 13 milyon avro ödəməklə günahlandırılır.