İsrail Suriya qüvvələrini və İranın müttəfiqlərini vurmağa davam etsə, Rusiyanın buna cavab vermək ehtimalı azdır.
Teleqraf.com xəbər verir ki, bunu “The National Interest” yazıb.
Nəşr qeyd edib ki, ötən əsrin 70-ci illərində SSRİ-nin İsrailə qarşı müharibədə Misirə köməyə gəlməyə hazır olduğunu açıqlamasından sonra ABŞ Moskvanı nüvə müharibəsi ilə təhdid etmişdi. Qəzet mövcud vəziyyətin hazırda Suriyada yarandığını bildirib.
Məqalədə vurğulanıb ki, nə Moskva, nə də Təl-Əviv hadisələrin belə bir inkişafını istəyir.
“İki ölkə (İsrail və Rusiya) arasındakı münasibətlərdə dostluq və əməkdaşlıq istəyi görünür, amma əslində hər iki ölkə bir-birinə ehtiyatlı və şübhə ilə yanaşır”, - nəşr qeyd edib.
Qəzet İsrail Silahlı Qüvvələrindəki mənbəyinə istinadən bunları yazıb:
“Yumşaq desək, ruslar bizim müttəfiqlərimiz deyil. Bizim bir müttəfiqimiz var, o da ABŞ-dır. Ruslar bura tamamilə fərqli məqsədlər üçün gəliblər”.
Məqalə müəllifi Rusiyanın Suriyadakı varlığının İran üçün şübhəli olduğunu bildirib:
“Amma Moskva hələ də Tehranla eyni koalisiyadadır. Bəşər Əsəd rejimini xilas edən Rusiya, İran və Hizbullah idi. İsrail İranın Suriyanı raket bazasına çevirməməsi üçün hər şeyi etməyə hazırdır. Eyni zamanda, Rusiya ilə qarşıdurmanın qarşısını almağa yönəlmiş tədbirlər görülür”.