Əfqanıstandakı işğalına son qoyan və qoşunlarını bölgədən çıxarmağa başlayan ABŞ-ın 20 il bütün dünyaya yalan danışdığı üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetində dərc olunan məqalədə bildirilib.
“Əfqanıstan sənədləri” adlı kitabın tanıdılması ilə bağlı məqalədə ABŞ-ın keçmiş prezidenti Corc Buşdan Barak Obama, Donald Tramp və Co Baydenə qədər bütün hökumətlərin yanlış siyasətlərinin ört-basdır edildiyi bildirilib. İnformasiya Azadlığı Qanunu çərçivəsində əldə edilən minlərlə səhifəlik sənədlər, habelə müharibədə bilavasitə rolu olan mindən çox insanın fikirlərinə istinad edilən kitabda ABŞ-ın yanlış siyasətinin 20 il gizlədildiyi bildirilib.
Araşdırmada Buş kimi Obama, Tramp və Baydenin də yalan danışdığı deyilib.
Prezident Baydenin Əfqanıstandan çəkilmə qərarı bu qorxunc yalanın böyük etirafı idi. Taliban bununla 2001-ci il işğalından sonra ən güclü dövrünü yaşayır.
Məqalədə ABŞ-ın nəticəsiz müharibə və məğlubiyyətinin Buşdan başlayaraq saxta əməliyyatlarla ört-basdır edilməyə çalışıldığı bildirilib. Buş rəhbərliyinin İraqdakı uğursuzluğunu ört-basdır etmək üçün Əfqanıstanda “nikbin təəssürat” yaratmağa cəhd etdiyi deyilib.
“Əfqanıstandakı Amerika qüvvələrinin komandanları ictimaiyyət qarşısına o qədər saxta nikbin təəsüratla çıxdılar ki, verdikləri bəyanatları dezinformasiya kampaniyasına çevrildi. Halbuki Buşun “zəfər nərələri”, “Biz qalib gəldik” mesajları yalan idi”, - məqalədə qeyd edilib.
Araşdırmada Buşun başladığı yalanın 44-cü prezident Barak Obama tərəfindən davam etdirildiyi, onun yaratdığı illüziya ilə bölgəni xaosa sürüklədiyi, öz ölkəsi və bütün dünyanı aldatdığı deyilib.
Qeyd edək ki, 2001-ci ildən bəri Əfqanıstanda davam edən müharibədə 78 mindən çox mülki şəxsin öldüyü təxmin edilir.