64 ölkə birgə bəyanat verərək, Əfqanıstanı tərk etmək istəyənlərin qarşısının alınmaması və bütün çıxış yollarının açıq qalmasını istəyib.
Teleqraf.com xəbər verir ki, ABŞ, Avropa Birliyi (AB), Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya, Qətər, Cənubi Koreya, İspaniya və Yəmən də daxil olmaqla 64 ölkənin ali nümayəndəsinin imzaladığı birgə bəyanat ictimaiyyətə açıqlanıb.
Açıqlamada Əfqanıstanda vəziyyətin getdikcə pisləşdiyi bildirilib, qeyd edilib ki, bütün tərəflər ölkəni tərk etmək istəyən əcnəbilər və əfqanların təhlükəsiz şəkildə çıxarılmasına mane olmamalıdır.
Bəyanatın sonunda Əfqanıstan xalqının təhlükəsizlik və ləyaqətlə yaşamaq hüququna malik olduğu və beynəlxalq ictimaiyyətin ona dəstəyini davam etdirəcəyi vurğulanıb.
ABŞ və Taliban arasında 2020-ci ilin fevral ayında əldə edilən sülh müqaviləsi çərçivəsində beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması prosesi bu ildən başlayıb. Müqavilə xarici qüvvələrə hücum etməməyi nəzərdə tutsa da, Taliban qüvvələrinin Əfqanıstan ordusuna qarşı addımları ilə bağlı heç bir anlaşma əldə olunmayıb.
Dünən Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi barədə məlumat yayılıb.