Çeçenistan rəhbəri Ramzan Kadırov Əfqanıstanda baş verənləri “ABŞ-ın müsəlmanlara qarşı növbəti fırıldağı” adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, Talibanın hakimiyyəti ələ keçirməsindən sonra bölgədə daha pis hadisələrin başlayacağını deyib.
“Oradan heç vaxt çıxmayacaqlarını söylədilər, indi hər yeri tərk edərək qaçdılar”, - Kadırov vurğulayıb.
O, Əfqanıstanda dinc insanlara işgəncə verildiyini və öldürüldüyünü qeyd edib.
Kadırov Talibanı “Amerikanın layihəsi” adlandırıb.
“Biz, müttəfiq dövlətlərimiz sərhədləri gücləndirməli və ən pis vəziyyətə hazırlaşmalıyıq. Dövlətimizi, suverenliyimizi, xalqımızı təhdid edən hər kəsi dayandıracağıq”, - siyasətçi bildirib.
O, həmçinin Əfqanıstanla həmsərhəd ərazilərin təhlükədə olduğu üçün Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan sakinlərini “həyəcan” vəziyyətində olmağa çağırıb.