ABŞ-ın Nyu-York şəhərində “Türk evi”nin açılışı olub.
Teleqraf.com xəbər verir ki, binanın açılışında Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin baş katibi Antoniu Quterreş və Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn bir çox ölkələrin dövlət və hökumət nümayədələri iştirak edib.
Açılış mərasimi Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açılış mərasimində çıxış edib. Nazir BMT-yə qonşu olan “Türk evi”nin hər millətdən və dövlətdən olan toplumlara açıq olacağını bildirib. M.Çavuşoğlu Türkiyənin yeni dünyada milli və güclü bir siyasət yolu izlədiyini deyib: “Ölkəmizi hər yerdə layiqincə təmsil etmək üçün bütün gücümüzlə çalışırıq. Bu gün dünya siyasətinin aparıcı mərkəzlərindən biri olan Nyu-Yorkun əsas simvollarından olacaq “Türk evi” Türkiyənin xarici siyasətinin güzgüsü hesab oluna bilər”.
Nazir çıxışında 1977-ci ildə binanın alınmasının təşəbbüskarı Türkiyənin xarici işlər naziri vəzifəsində çalışmış İhsan Sabri Çağlayangilə təşəkkürünü ifadə edib.
Mərasimdə çıxış edən Prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dövrün memarlıq və mühəndislik imkanlarından istifadə edilərək inşa olunan “Türk evi” binasının türk mədəniyyətində müstəsna yeri olan lalə simvolundan ilhamlanaraq, Səlcuqlu və Osmanlı motivləri əsaslı yeni memarlıq əsəri olduğunu deyib: “Türkiyə bu möhtəşəm əsərində tarixi və ənənəvi memarlığın zərifliyini Nyu-York siluetində əks etdirdi. Qürur duyuruq ki, Türkiyə bu əsəri ilə böyüklüyünü və artan gücünü əks etdirən şah əsər yaratdı. Dünyanın diqqətinin yönəltdiyi iqim dəyişkənliyinin aktual olduğu bir vaxtda binamız ətraf mühitə həssaslıqla hazırlanmışdır”.
Prezident “Turk evi”nin Türkiyənin BMT yanında Daimi Nümayəndəliyinə və Nyu-Yorkdakı Baş Konsulluğuna, yeni zamanda Şimali Kipr Türk Respublikasının Nyu-Yorkdakı baş konsulluğuna ev sahibliyi edəcəyini bildirib: “Baş Konsulluğumuzun xidmətləri burada daha səmərəli şəkildə həyata keçiriləcək. İnanıram ki, siyasi, iqtisadi və mədəni tədbirlərə ev sahibliyi edəcək yeni binamız əsl cazibə mərkəzi rolunu oynayacaq. “Türk evi” ABŞ -da yaşayan türk vətəndaşları və dost cəmiyyətlərin yeni evi olacaq”. Bir daha vurğulayıram ki, “Türk evi” bu gündən etibarən hər kəs üçün açıq olacaq. Xarici İşlər Nazirliyimizin də bu anlayışla binanın işini həyata keçirəcəyinə şübhəm yoxdur”.
Prezident binanın BMT-nin mərkəzi qərargahı ilə üz-üzə yerləşməsinin xüsusi əhəmiyyət daşıdığını deyib: “BMT-yə və barışa olan inancımız sonsuzdur. Cümhuriyyətimizin 100-cü ildönümü olan 2023-cü ilə qədər gedən prosesdə, “Türk evi” beynəlxalq aləmdəki yerimizin bir əksi olacak. Ümid edirəm ki, binamızın təməlində qoyduğumuz məktubda dediyimiz kimi bu əsər uzun illər türk dünyasına xidmət edəcək. Yeni “Türk evi”nin dövlətimizə, millətimizə, Türk-Amerika toplumuna, Xarici İşlər Nazirliyimizə, BMT-yə və Nyu-Yorka xeyirli olmasını diləyirəm”.
Açılış mərasimində BMT-nin baş katibi Antoniu Quterreş də çıxış edib. O, bölgədə sülhün, barışın təmin olunmasında müstəsna rolu olan Rəcəb Tayyib Ərdoğana təşəkkür edib, “Türk evi”nin dünya adına uğurlu fəaliyyətlərə ev sahibliyi etməsini diləyib.
Qeyd edək ki, binanın təməli 2017-ci ildə qoyulub.