Türkiyənin hərbi dəniz qüvvələrini gücləndirməsi Yunanıstanı vahiməyə salıb.
Teleqraf.com xəbər verir ki, yunan mətbuatı Türkiyənin donanmasının gücünü artırmasının Afina üçün narahatlıq yaratmalı olduğunu və tərəzinin Ankaraya doğru əyildiyini yazıb.
Milli təhlükəsizliyi üçün ciddi addımlar atan Türkiyə digər yandan milli müdafiə sənayesini də inkişaf etdirir. Xüsusilə pilotsuz sistemlərdə qazanılan uğurları diqqətdən kənarda qalmayan Türkiyə burada olduğu kimi, donanmanın gücləndirilməsində də böyük yol qət edib.
Bu durum Yunanıstanın siyasi çevrələri ilə yanaşı, onun mətbuatında da çaxnaşma yaradıb. Türkiyə və Yunanıstanın inventarında olan sualtı gəmiləri müqayisə edən yunan mətbuatı bunların sayının türklərdən daha az olduğunu yazıb.
Yunanıstan sualtı gəmilərinin əksəriyyətinin köhnə olduğuna diqqət çəkilən məlumatda qeyd edilib: “Türkiyənin sualtı gəmilərə yatırdığı sərmayə və aparılan modernləşmə donanma gücünün çəkisində tərəzinin gözünü Türkiyəyə doğru əyir”.
Türkiyə ilə əməkdaşlığa görə Almaniyaya reaksiya verən yunan mediası Kansler Angela Merkelin Türkiyəyə embarqo tətbiq etməməklə Yunanıstanı kürəyindən bıçaqladığını bildirib.
Yunanıstan silahlı qüvvələrinin büdcəsinin əhəmiyyətli hissəsinin sualtı silahların gücləndirilməsinə xərclənməsi istənilib. Bu baxımdan Afinanın Fransadan kömək istəməli olduğu deyilib.