Kanadada yaşayan uyğur türkləri aldıqları tarixi kilsəni məscidə çeviriblər.
Teleqraf.com xəbər verir ki, 1873 -cü ildə Troya şəhərində inşa edilən Mont Karmel kilsəsi məscidə çevrildikdən sonra Kanada Uyğur Türklərinin İslam və Mədəniyyət Mərkəzi adlandırılıb.
Mərasimlə açılan kilsənin önündə uyğurların bayrağı qaldırılıb.
Kanada Uyğur Türkləri Dərnəyinin baş katibi Etibar Artış “Anadolu” agentliyinə verdiyi açıqlamada satın aldıqları kilsənin həm məscid, həm də cəmiyyət mərkəzi olaraq xidmət edəcəyini söyləyib.
Artış Toronto və ətrafında yaşayan uyğurların uzun müddətdir həm ibadət, həm də ictimai fəaliyyətlər üçün mərkəz axtardıqlarını deyib:
“Burada namazımızı qılıb uşaqlarımıza Quran təhsili verəcəyik. Yeni nəslin Qərb mədəniyyəti içində əriməsinin qarşısını almaq və zəngin Şərqi Türküstan ənənələrini, adətlərini və mədəniyyətini öyrənmək üçün belə bir yerə ehtiyacımız var idi”.
Mərasimə qatılan Karmel kilsəsinin son keşişi Robin Uilki kanadalıların uzun illərdir ibadət etdikləri binanın başqa bir dinin nümayəndələri üçün olsa belə, ibadət yeri olaraq yaşamağa davam etməsindən məmnun olduğunu söyləyib.
O, Çinin uyğur türklərinə qarşı etdiyi zülm fəaliyyətləri haqda məlumatlı olduğunu bildirib.
Bina 610 min Kanada dollarına satın alınıb, qarşıdan gələn Ramazan bayramından əvvəl ibadət üçün açılacaq.