6 Oktyabr 2021 13:34
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada nasist düşərgəsində xidmət göstərən və 11 min 412 nəfərin ölümünə köməklik göstərməkdə günahlandırılan 96 yaşlı alman xanım-İrmqard Furçner məhkəmə tərəfindən sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə “Hitlerin katibəsi”nin sərbəst buraxılması və həbsdə olmadan prosesin aparılmasına qərar verib.

Beləcə müasir Almaniyada ilk qadın nasist olaraq məhkəməyə çıxarılan Furçnerin ayağına xüsusi cihaz taxılaraq barəsində həbs qərarı dəyişdirilib.

Məhkəmə sözçüsü Frederik Milhoffer bəyan edib ki, məhkəmə həbs qərarını dəyişdirib, müttəhimi ehtiyat tədbirləri görülmək şərti ilə azadlığa buraxıb.

Qeyd edək ki, növbəti məhkəmə prosesinin oktyabrın 19-da keçiriləcəyi gözlənilir.

Məlumata görə, Nasist Almaniyasında saxlama düşərgəsi rəisinin köməkçisi olmuş 96 yaşlı Irmqard Furçner Şimali Almaniyada minlərlə məhkumun öldürülməsinə köməklik etmək ittihamı ilə məhkəməyə çıxarılıb. Bütün ölkə qadının 11 mindən çox cinayətə görə ittiham edilməsini gözləyir.

Hitler Almaniyasının işğalı altındakı Polşada yerləşən Stutthof düşərgəsində işləməyə başlayarkən 18 yaşında olan Irmqard Furçner 10 illər sonra nasist Almaniyası ilə əlaqəli cinayətlərdə ittiham olunan ilk xanımdır. Qocalar evində yaşayan 96 yaşlı qadın iddia olunan cinayətlərə görə Hamburqun şimalındakı Lyzehoe bölgə məhkəməsində ittiham edilir.

Xanım Furçner Adolf Hitlerin əsas gücü olan SS-də komandan Paul Verner Hoppenin baş köməkçisi olub.

İşin maraqlı tərəfi ondadır ki, Irmqard Furçner 1954-cü ildən 1982-ci ilə qədər Adolf Hitler kadrlarının mühakimə olunduğu bütün proseslərdə şahid qismində dindirilib. O cümlədən keçmiş rəisi Hoppe və düşərgədəki digər SS zabitləri ilə bağlı prosesdə. Ancaq xanım nasist şahid qismində iştirak etdiyi məhkəmələrdə hər dəfə baş verən cinayətlər haqqında heç nə bilmədiyini, məhkumlarla təmasda olmadığını iddia edib.

Məlumat üçün qeyd edək ki, Qdanskinin 37 kilometr şərqində yerləşən Stutthof düçərgəsini nasistlər 1939-cu ildə qurub. Bura ilkin mərhələdə mülki insanlar üçün əsir düşərgəsi kimi fəaliyyət göstərib. Daha sonra saxlama düşərgəsinə çevrilib. Araşdırmalar göstərir ki, bu kampda 100 mindən çox yəhudi və siyasi məhkumlar saxlanılıb və bunların 65 mini öldürülüb.


Müəllif: Nemət