23 Oktyabr 2021 10:29
9 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Teleqraf.com saytı üçün Qoşulmama Hərəkatının yaranmasının 60 illiyi barədə məqalə üzərində işləyirdim. Məqalənin hazırlanma prosesi zamanı təbii ki, hərəkatın 5 əsas yaradıcısından (digərləri Misir inqilabının lideri və ölkənin ikinci prezidenti Camal Əbdül Nasir, Hindistanın Baş naziri Cəvahirləl Nehru, İndoneziya Prezidenti Sukarno, müstəqil Qana Respublikasının ilk pezidenti Kvame Nkrumadır) biri olan keçmiş Yuqoslaviya lideri İosip Broz Titonun da həyatına və siyasi fəaliyyətinə diqqət yetirirdim. Mən İosif Broz Titonun kim olması barədə hələ orta məktəbin yuxarı siniflərindən tanış idim, sonralar onunla bağlı bir sıra məqalələr oxuyaraq bu əyilməz lider haqqında biliklərimi zənginləşdirmişdim. Onun SSRİ-yə, xüsusilə onun lideri İosif Stalinə baş əymədiyini, onun qarşısında necə deyərlər, diz çökmədiyini bilirdim. Qoşulmama Hərəkatı ilə bağlı məqalə üzərində işləyərkən bu istiqamətdə məlumatlarımı oxucularla da bölüşmək, hələ də İosif Broz Titonu tanımayanlara onu yaxından tanış etmək qərarına gəldim.

Beləliklə, 1945-ci ildən vəfat etdiyi 1980-ci ilədək keçmiş Yuqoslaviyanın lideri olan İosip Broz Tito barədə hazırlamış olduğumuz məqaləni təqdim edirik.

Gözəl geyinməyi xəyal edirdi və buna görə orduya yazıldı

7 may 1892-ci ildə Avstriya-Macarıstan imperiyasının Kumrovets kəndində Frano və Mariya Broz cütlüyünün 15 uşağından sayca yeddincisi – İosip dünyaya gəlir. Sonradan o Tito təxəllüsünü də adına əlavə edəcək və bütün dünyada İosip Broz Tito kimi tanınacaqdı. Oğlan uşaqlıqdan bəri gözəl geyinməyi və laklı dəri çəkmələrdə addımlamağı arzulayırdı. Buna görə gənc İosip şəhərə gedir və ofisiant kimi işə düzəlir. Ancaq oğlan xidmətçi olmağı alçaldıcı hesab edir və gözəl paltar geyinmək üçün başqa bir seçim edir – orduya yazılır. İosip Broz 1913-cü ildə hərbi xidmətə çağırılır. O, iki il xidmət etməli idi. Lakin demobilizasiya Birinci dünya müharibəsinin başlanması ilə təxirə salınır.

İosip bir xorvat olaraq Zaqreb piyada alayına yazılır. O, əvvəlcə Serbiya cəbhəsində, 1915-ci ilin qışından isə Qalisiya şəhərində Rusiya imperator ordusuna qarşı döyüşür. Avstriya-Macarıstan imperiyası ordusunun zabiti rus qoşunlarına qarşı cəsarətlə vuruşur. Onun taqımı döyüşlərin birində 70 rus əsgərini əsir götürə bilir, buna görə komandir Broz hətta mükafata da layiq görülür. Ancaq 1915-ci ilin martında rus qoşunlarının hücumu zamanı İosip Brozun özü əsir düşür. Gələcək Yuqoslaviya lideri 5 ildən çox Rusiyada qalır. Əvvəlcə hərbi əsir, sonra qaçaqçı kimi. 1920-ci ildə isə Yuqoslaviyaya artıq yetkin, özünə əmin kommunist olaraq qayıdır.

Partbilet üçün katorqa

Ancaq Yuqoslaviya Krallığı 28 yaşlı gənc İosipi yumşaq desək, xoş qarşılamır. 1920-ci ilin sonunda Kommunist Partiyası rəsmən qadağan edilir, onun üzvləri repressiya və təqiblərə məruz qalır. Ancaq bu, Brozun aktivliyini dayandırmır. 1926-cı ildə İosip partiyanın gizli hücrəsini qurur və ona rəhbərlik edir. Ancaq bu hücrə tezliklə aşkarlanır və cəzalandırılır. 1929-cu ildə məhkəmə kommunisti 5 il katorqa ilə cəzalandırır.

Katorqaya tab gətirən İosip Broz cəsur kommunist olaraq tanınır və 1934-cü ildə Yuqoslaviya Kommunist Partiyasının rəhbərliyinə gətirilir. Müharibələrarası dövrdə Broz SSRİ-də çox vaxt keçirir. SSR-də ona ciddi şəkildə “stavka” edilir. 1937-ci ildə Broz artıq Yuqoslaviya Kommunist Partiyasına rəhbərlik edirdi. Təxminən bu dövrdə Tito ləqəbi onun adının sonunda görünməyə başlanır. Belə ki, İosip tez-tez tabeçiliyində olanlara xorvatca göstəriş verirdi: “Ti to”. (“Sən edəcəksən”). Komanda vermək və rəhbərlik etmək qabiliyyəti ona yaxın gələcəkdə çox faydalı olur.

Faşizmə qarşı. Təkbaşına.

Yuqoslaviya 1941-ci ilin yazında Avropada Almaniyanın işğalı altına düşən sonuncu ölkə olur. Bir neçə gün ərzində ölkə Vermaxt və müttəfiqləri tərəfindən məğlub edildi. Ölkədə təkcə almanlar deyil, xorvat faşistlər – ustaşilər də meydan sulamağa başlayır. Və bu nəhəng ölüm maşınına qarşı kommunistlərin lideri İosip Broz Tito öz xalqını ayağa qaldırır. Əvvəlcə partizanları birləşdirmək çətin olur, belə ki, minlərlə döyüşçü ayrı-ayrı qruplarda döyüşürdü.

Lakin Tito təşkilatçılıq bacarığını göstərir və tezliklə Yuqoslaviya Xalq-Azadlıq Ordusunu qurur. 1943-cü ilə qədər ordu o qədər böyüyür ki, artıq almanlarla təkbaşına mübarizə apara bilir. Belə ki, 1943-cü ilin yazında Sutesk yaxınlığındakı döyüşdə 18 minlik yuqoslav partizan 120 minlik alman qruplaşmasını və onun müttəfiqlərini geri çəkilməyə məcbur edir.

1943-cü ilin sonunda Titonun ordusu nəhəng qüvvəyə çevrilir. Yuqoslaviyalı hərbi liderin başçılığı altında 300 mindən çox silahlı insan var idi. Bununla Tito hər şeydən əvvəl SSRİ-yə böyük kömək edir. Tito nəinki faşistlərin qüvvələrini çıxara bilir, həm də ölkəni təkbaşına azad edir. Təbii ki, Sovet İttifaqının köməkliyi ilə. 1944-cü ilin sonuna qədər Yuqoslaviya Xalq-Azadlıq Ordusu və Qırmızı Ordunun qoşunları Yuqoslaviyanı demək olar ki, tamamilə azad edirlər. Yuqoslaviyalı döyüşçülər daha sonra almanları əzməyə davam edirlər. Və 9 sentyabr 1945-ci ildə Yuqoslaviya Xalq-Azadlıq Ordusunun baş komandanı İosip Broz Tito SSRİ-nin ən yüksək hərbi ordeni olan “Qələbə” ordeni ilə təltif edilir. Bu ordenlə yalnız Qırmızı Ordunun və müttəfiqlərin marşallarını və generallarını təltif edirdilər. Tito bu yüksək mükafatı alan cəmi 5 əcnəbidən biri olur.

Stalinlə söyüşdü, Brejnevlə dostlaşdı

Orduya rəhbərlik etməyə öyrəşmiş Tito özünü siyasətdə də eyni şəkildə aparırdı. O, Moskvanın "əli” ilə durub-oturmayan yeganə kommunist lider idi. Ölkəni faktiki olaraq təkbaşına azad edən Tito özünü Yuqoslaviyanın yeganə lideri kimi hiss edirdi. O, Stalinin bir çox iradlarına sərt cavab verirdi, müstəqil siyasət yürütməyə və SSRİ ilə hərbi-siyasi bloklara girməməyə çalışırdı. Hətta Tito ilə Stalinin söyüşdüyünə dair məlumat var. Bütün bunlar 1948-ci ildə Yuqoslaviya ilə Sovet İttifaqı arasında əlaqələrin kəsilməsinə və Titonun Qərb ölkələri ilə yaxınlaşmasına səbəb olur. Sovet mətbuatı Yuqoslaviyanı təhqir edərək onu “faşist” “donuz” adlandırırdı. 1952-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi Titonun hakimiyyətdən kənarlaşdırılması ilə bağlı əməliyyat hazırlayırır, ancaq əməliyyat uğursuz olur.

Brejnev və Tito ovda. İki kommunist liderin ömrünün ahıl çağları. 1978-ci il

Nikita Xruşşov Stalinlə bağlı olan hər şeyi unutmağa və öz bildiyi kimi həll etməyə çalışır. Uzun illərdən sonra Yuqoslaviya liderini Moskvaya dəvət edən də o idi. Düzdür, bu səfər SSRİ ilə Yuqoslaviya arasındakı münasibətləri xüsusilə bir şəkildə düzəltmədi. Ancaq necə deyərlər, buz qırılır.

Brejnev epoxasında ölkələr arasındakı münasibətlər əvvəlkitək çətin idi, lakin Tito haqqında mənfi fikirlər sovet mətbuatından yığışdırılmışdı.Tito bu səfərlər zamanı rus dilində sərbəst danışırdı. İki ölkənin kommunist lideri birgə ov da edirdi.

Brejnev və Tito ovdan sonra piknik düzənləyib. Müvafiq olaraq soldan və sağdan birinci şəxslər.

Bir neçə qarşılıqlı səfərdən sonra Tito və Brejnev münasibətləri normallaşdırmağa getdilər. İosip Brozun bəzi qərarları Brejnevdə açıq-aşkar simpatiya doğururdu. Bundan sonra Brejnev də Yuqoslaviyaya səfər edir.

Brejnevin Yuqoslaviyaya səfəri. Zaqreb hava limanında qarşılanma. 1978-ci il.

Yuqoslaviya Titonun rəhbərliyi altında şərqlə qərb arasında məharətlə manevr edərək çiçəklənməsinin zirvəsinə çatır. Bu gün bu dağılmış dövlətin xalqları Titonu minnətdarlıqla, istiqanlılıqla xatırlayırlar. Çünki Yuqoslaviyada nəinki ölkə lideri, sadə vətəndaşlar da yaxşı yaşayırdı...


Müəllif: Səxavət Həmid