2 Noyabr 2021 14:35
2 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donbasda vəziyyət gərgindir. Ukrayna ərazi bütövlüyünü təmin etməyə çalışır. O biri tərəfdən Kiyevin Qərbə olan ümidləri özünü doğrultmur. Bircə ABŞ Ukraynaya ara-sıra hərbi texnika göndərir. Fransa və Almaniya isə sözdə Ukraynanı dəstəkləsələr də, əməldə Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyünə sədd çəkiblər, hətta Kiyevin pilotsuz uçuş aparatlarından Donbasdakı separatçılara qarşı istifadəsini pisləyiblər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Ukraynanın digər çətinliyi enerjiylə bağlıdır:

“Ukrayna – Rusiya münasibətləri gərgin olsa da, Kiyev qaza olan tələbatını illərdir Rusiyadan əldə edir. Ukrayna SSRİ illərindən mövcud olan boru xətti ilə qaz alır. Ancaq Kreml Ukraynanı cəzalandırmaq məqsədilə həm Ukraynaya qaz ixracını, həm də tranziti azaldıb. Rusiya Baltik dənizinin dibi ilə “Şimal axını - 2” boru xəttinin tikintisini aylar əvvəl bitirib. Bu boru xətti işə düşəndən sonra Rusiya Ukraynadan keçən boru xəttindən imtina edəcək. Bu Ukraynanı daha ağır vəziyyətə salacaq. Avropa İttifaqı və Almaniya Kremldən Ukrayna marşrutunu istifadəni tələb etsələr də, “Şimal axını- 2” boru xəttiylə qaz alacaqlar. Demək, “Ukraynadan keçən boru xəttindən də istifadə edilsin” çağırışı söz olaraq qalacaq. Yəni Ukraynanın enerji təminatında da Kiyev Qərbdən istənilən dəstəyi ala bilmir.

Bu arada, Çinin Ukraynaya marağı artıb. Ukrayna Prezidenti Vladimir Zelenski Pekinin “Bir kəmər, bir yol” qoşulmağa qərar verib. Bundan başqa Zelenski uyğur məsələsində Qərbin qərarlarında ehtiyatlı mövqe tutmağa başlayıb. Bunun əvəzində Çin Ukraynaya pandemiya ilə mübarizədə daha çox vaksin göndərib. Kiyev ümid edir ki, Çin Ukraynaya yatırımlarını artıracaq. Ancaq Zelenskinin Çinlə yaxınlaşmaq qərarı Ukraynanın özündə və Avropada narahatlıq doğurub. Çinlə yaxınlaşmanın tənqidçiləri Ukraynanın bu ölkədən asılı vəziyyətə düşə biləcəyindən ehtiyat edirlər”.

Elxan Şahinoğlu hesab edir ki, Zelenski Avropadan narazı olaraq Çinlə yaxınlaşmaq istəsə də, Pekinin siyasətindən ehtiyatını da əldən vermir:

“Məsələn, Çin Ukraynanın motor istehsal edən böyük müəssisəsini ələ keçirmək istədikdə, Kiyev bunun qarşısını aldı. Çinin Ukraynanın məhsuldar qara topaqlarında da gözü var. Çin 1 milyard 400 milyon nəfəri ötən əhalisini ərzaqla təmin etmək üçün daha böyük torpaq sahələrinə ehtiyac duyur. Çin xarici ölkələrdən hər il yüz milyonlarla ton taxıl alır. Çin Ukraynada taxıl istehsalına yatırımını artırmağa hazırdır. Ancaq Pekin bunun qarşılığında həmin ərazilərə nəzarəti də həyata keçirməyə çalışır. Bu isə Ukrayna üçün milli təhlükəsizlik problemi yarada bilər. Çin eyni üsulla Braziliya, Argentina və Sudan kimi ölkələrdə torpaq sahələrinə yiyilənib.

Ukrayna üçün Avropanın Çinlə əvəz olunmasının təhlükələri bunlardan ibarətdir:

Birincisi, əgər Avropa Çinin öz ətrafında, o cümlədən Mərkəzi Asiyada və ya Afrikada fəallığına göz yumursa, eyni sözləri Balkanlar və ya Ukrayna üçün demək çətindir. Avropa öz qonşuluğunda və ya ərazisində Çinin milyardlıq yatırımlarından ethiyat edir. Ancaq əgər belədirsə, onda Brüssel Balkan ölkələrinə və Ukraynaya alternativ inkişaf konsepsiyası təqdim etməlidir. Bu konsepsiya olmadığından Çinin manevr imkanları artır;

İkincisi, Çin Rusiyanın strateji tərəfdaşıdır, Kreml isə Ukraynanı çökdürməyə və parçalamağa çalışır. Bu amilin özü Ukraynanın Rusiyanın strateji tərəfdaşı olan Çinlə münasibətlərdə ehtiyatı əldən verməməyi diktə edir.

Üçüncüsü, Avropa Ukraynanın problemlərinin həllində aktiv olmasa da, bu ölkənin liberal dəyərlərinin Çinin avtoritar üsul-idarəsiylə əvəzlənməsini istəmir.

Brüssel anlamalıdır ki, Ukraynaya real dəstək verməsə, Kiyev istər-istəməz alternativ yollara baş vuracaq. Ancaq Çinin timsalında bu alternativin Ukrayna üçün uğurlu yol olacağını da söyləmək çətindir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər