İngiltərə Baş naziri Boris Conson Böyük Britaniya parlamentinin İcmalar Palatasında keçirilən iclasda gərginliyin artması ilə bağlı palata sədri Lindsi Hoyldan xəbərdarlıq alıb.
Teleqraf.com xəbər verir ki, iclasda deputatların əmək standartları ilə bağlı fikir ayrılığına düşmüş Conson və müxalifətdəki Fəhlə Partiyasının lideri Keyr Starmer bir-birini ittiham edib.
Palatanın müzakirəsinin əksinə olaraq, Conson Starmerin öz vəzifəsindən pis məqsədlər üçün istifadə etdiyini deyib. İclasın qaydalarını pozmaqda günahlandırılan Conson əsassız ittihamlarını geri götürmək üçün Hoyldan dəfələrlə xəbərdarlıq alıb. Hoyl onun sözünü kəsərək, Consonun çıxışını bitirməsinə imkan verməyib və oturmasını istəyib.
Starmer isə palata sədrinə bunları deyib: “Mən bu məsələdə fikir ayrılığı yaratmaq istəmirəm, bunu çox açıq şəkildə söylədim. Bunlar nazirin suallarıdır, müxalifət sizin suallarınızı cavablandırmaq məcburiyyətində deyil. Palataya hörmətsizliyi dayandırın”.
Consondan ittihamlarını geri götürməsini istəyən Hoyl gərginliyin artması ilə baş nazirə oturması üçün əmr edib: “Baş nazir, oturun. Siz mənə meydan oxuya bilməzsiniz. Siz bu ölkənin baş naziri ola bilərsiniz, amma mən bu palata üçün cavabdehəm”.
Müzakirələr zamanı çıxış edən müxalifət lideri Starmer Consonu “qorxaq” adlandırdıqdan sonra Hoyldan xəbərdarlıq alıb. Conson isə ona belə cavab verib: “Qorxaq” kəliməsi bu parlamentdə istifadə olunan bir şey deyil. Əminəm ki, müxalifət lideri bunu geri götürəcək”.
Bundan sonra Starmer ittihamını geri götürüb.