15 Noyabr 2014 21:44
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

İƏT Gənclər Forumu müsəlmanların müqəddəs məkanı olan Əl-Əqsa məscidinə girişdə İsrail tərəfindən yaş məhdudiyyəti qoyulmasına etiraz olaraq beynəlxalq kampaniyaya start verib.

Forumun İstanbuldakı baş ofisindən Teleqraf.com-a verilən məlumata görə, “50 yaşa qədər bir Fələstinliyəm” (I am Palestinian under 50) adlı kampaniyanın əsas məqsədi İsrailin bir milyard yarım müsəlman tərəfindən müqəddəs sayılan bir məkanla bağlı bu qadağasının bölgədə və dünyada mədəniyyətlərarası qarşıdurmaya səbəb olmasının qarşısını almaq, Qüdsün 1400 illik müsəlman kimliyinin tamamilə yox edilməsi təşəbbüsünə etiraz etməkdir.

İslam Konfransı Gənclər Forumunun kabinet rəhbəri Elməddin Mehdiyev kampaniyanın sosial şəbəkələrin köməyi ilə İndoneziyadan İordaniyaya qədər təşkilata üzv 45 ölkədə paralel şəkildə həyata keçiriləcəyini və sözügedən böhran həll edilənə qədər davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Kampaniya çərçivəsində bu gün İstanbuldakı Sultan Əhməd meydanında böyük aksiya təşkil edilib, yerli əhaliyə və turistlərə məlumat məqsədi ilə hazırlanmış broşuralar paylanıb. Bənzər tədbirlər şəhərin ən böyük məscidlərindən hesab edilən Fateh və Eyyub məscidlərində də həyata keçirilib. Xatırladaq ki, bir müddət əvvəl İsrail dövləti təhlükəsizlik tədbirləri adı altında Əl-əqsa məscidinə girişdə 50, daha sonra 45 yaş məhdudiyyəti gətirib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər