25 Noyabr 2021 11:10
4 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Mariano Qrossinin Tehranla danışıqların nəticəsiz və nüvə fəaliyyətləri ilə bağlı yoxlama və müşahidə fəaliyyətlərinin davam etdirilməsində ciddi problemlərin olduğuna dair açıqlamasına cavab verib.

Teleqraf.com xəbər verir ki, Abdullahiyan Qrossinin əksinə olaraq, aparılan danışıqları “məhsuldar” adlandırıb.

“Rafael Qrossi ilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı yaxşı razılaşmalar əldə etdik, amma hələ razılaşma mətni hazırlamaq üçün bir neçə məqam üzərində işləməliyik. Razılaşmaq mümkündür. Texniki məsələlər siyasiləşdirilsə, danışıqlar konstruktiv olmayacaq”, - nazir deyib.

Abdullahiyan bildirib ki, BAEA ilə yekun razılığa gəlmək üçün tezliklə yeni toplantı keçiriləcək.

Qrossi Abdullahiyan və İran Atom Enerjisi İdarəsinin rəhbəri Məhəmməd İslami ilə nüvə proqramının yoxlanılması və monitorinqi fəaliyyətlərində yaşanan çətinliklər və quruma bildirilməyən 4 bəndlə bağlı aydınlaşdırılmamış problemləri müzakirə etmək üçün Tehranda görüşüb.

Danışıqların nəticəsi ilə bağlı mətbuata verdiyi açıqlamada Qrossi İran rəsmiləri ilə keçirdiyi görüşlərdə konsensusa gələ bilmədiklərini və Tehranın nüvə proqramı ilə bağlı yoxlama və müşahidə fəaliyyətlərinin davam etdirilməsində ciddi problemlərin olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər