Egey və Aralıq dənizində gərginliyi artıran Yunanıstan Qərbi Trakyadakı türk kəndlərinə hərbi qüvvə yığmağa davam edir.
Teleqraf.com xəbər verir ki, Yunanıstanın Baş Qərargahı Sofulu bölgəsindəki türk kəndlərindən biri olan Böyük Dərbənddə xüsusi təyinatlı komandolar yerləşdirəcək.
“Yeni Şafak”ın məlumatına görə, Yunanıstanın baş qərargah rəisi Konstantinos Florosun əmri ilə komandoların kəndə gəldiyi və hərbçilərin keçmiş Paraskevudi kazarmasında yerləşdiriləcəyi bildirilib. Bundan əlavə, bölgədə xidmət etmək üçün 4 hərbi helikopter də bura göndərilib.
Yunanıstan rəsmiləri hərbi qüvvənin qaçqınların Bolqarıstan-Yunanıstan sərhədini qanunsuz şəkildə keçməsinin və insan alverçilərinin fəaliyyətinin qarşısını almaq üçün göndərildiyini iddia ediblər. Komandoların sutkada 24 saat ərazidə patrul xidməti həyata keçirəcəyi deyilib. Yunan ordusu və Avropa Birliyinin sərhəd mühafizə birlikləri (Frontex) artıq bölgəyə yerləşdirilib.
Yunanıstan bundan əvvəl də sərhədlərin təhlükəsizliyi adı altında Çirmən və Sofulu kimi türk kəndlərində komando birlikləri yerləşdirib. Yunan komando birlikləri Gökçəpınar kəndinin ortasında ağır silahlarla təlim keçirib. Bundan başqa, ABŞ hərbçilərinin Dədəağaca göndərilməsi davam edir. Ötən gün daha 375 ABŞ hərbçisi keçiriləcək hərbi təlimdə iştirak etmək üçün Dədəağaca gətirilib.