Rusiya təkid edir ki, rəsmi Kiyev Ukraynanın şərqində keçirilmiş “seçkiləri” nəzərə alaraq qondarma Luqansk və Donetsk respublikaları ilə dialoqa başlasın.
Teleqraf.com-un “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
Qeyd edək ki, Moskvada Lavrov və Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmaqer arasında görüş keçirilib.
“Hazırda əsas məsələ Kiyevin Donetsk və Luqanskla davamlı birbaşa danışıqların davam etdirilməsidir. Bu dialoq, xüsusən də, Ukraynada və bu ölkənin Donetsk və Luqansk nümayəndələrinin nəzarətində olan ərazilərində keçirilmiş seçkilərin kontekstində baş tutmalıdır”, deyə nazir bildirib.
Frank-Valter Ştaynmaqer isə bildirib ki, Ukrayna böhranının nizamlanması məsələsində nikbinlik üçün heç bir səbəb yoxdur, çünki Minsk razılaşmasının şərtləri yerinə yetirilmir.