Rusiyalı jurnalist, “Qazprom-Media” holdinqinin baş direktorunun müavini Tina Kandelaki TNT (Tvoyo Novoe Televidenie) telekanalının icraçı direktoru vəzifəsinə təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb.
Tina Kandelaki buna qədər 6 il “Matç TV”nin baş prodüseri vəzifəsində çalışıb. TNT-nin əvvəlki direktoru Roman Petrenko kanalı tərk edir, lakin “Qazprom-Media”da baş direktorun müşaviri kimi qalacaq.
“TNT kanalın rəhbərliyində kadr dəyişikliyini elan edir. Roman Petrenko telekanalın direktoru vəzifəsini tərk etmək qərarına gəlib. O, “Qazprom-Media” holdinqdə baş direktorun müşaviri kimi fəaliyyətini davam etdirəcək. Onun vəzifələrini “Qazprom-Media”nın baş direktorunun müavini və “Qazprom-Media əyləncə televiziyasının idarəedici direktoru Tina Kandelaki yerinə yetirəcək”, – deyə “Qazprom-media”nın yaydığı rəsmi bəyantda bildirilir.
“Qazprom-media” holdinqin baş direktoru Aleksandr Jarov qeyd edib ki, TNT-nin həm televiziya yayımı, həm də rəqəmsal mühit baxımından qarşısına ambisiyalı məqsədlər qoyulub. O, Kandelakinin kanalın qarşısına qoyulan məqsədlərə çatmaq üçün bütün səlahiyyətlərə və təcrübəyə malik olduğunu bildirib.
Kandelaki özü əmin edib ki, onun təbirincə desək, ölkənin əsas əyləncə kanalının inkişafını gücləndirməyə davam edəcək.
Şirkət daha əvvəl qeyd etmişdi ki, “Qazprom-media”nın baş direktorunun müavini təyin edildikdən sonra Kandelaki tematik idman televiziya kanallarının vahid strukturunun inkişafına cavabdeh olmağa davam edəcək. Bundan əlavə, mediamenecer əyləncə telekanallarını inkişaf etdirəcək - TNT, TV-3, “Pyatnitsa!” və başqaları.
Kandelakinin məsuliyyət zonasına holdinqin 2021-ci il avqustun sonunda istifadəyə verildiyini elan etdiyi yeni “Matç Plus” informasiya agentliyi də daxildir.
Qeyd edək ki, Tina Kandelakinin atası gürcü, anası ermənidir. Onun fəaliyyətində ermənipərəslik aşkar hiss olunur. Tina Kandelaki bu yaxınlarda Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovla RTVI-ın efirində yayımlanan “Xüsusi qonaq” proqramına müsahibə zamanı ona provokativ suallar vermiş və Azərbaycan və Türkiyə əleyhinə fikirlər bildirmişdi.