12 Fevral 2022 15:19
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna böhranı ətrafında uzun müddətdir davam edən gərginlik başqa ölçüyə doğru inkişaf edir. Əvvəlcə Rusiya, ardınca ABŞ Ukraynadakı vətəndaşlarına xəbərdarlıq etdikdən sonra müharibə təhlükəsi özünü açıq şəkildə göstərməyə başlayıb. Artıq ABŞ-ın 6-cı Donanması bölgəyə döyüş gəmiləri göndərəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya və Ukrayna arasında gərginliyin artmasından sonra ABŞ Hərbi Dəniz Qüvvələri Avropaya 4 esmines gəmisi göndərdiyini bildirib.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Sullivans” (DDG 68), “USS Gonzalez” (DDG 66), “USS Donald Cook” (DDG 75) və “USS Mitscher” (DDG 57) esminesləri Avropa əməliyyat zonasında fəaliyyət göstərəcək. Döyüş gəmilərinin NATO ölkələrinin müdafiəsində iştirak edəcəkləri deyilib.

Gəmilərin Virciniya ştatının Norfolk və Floridanın Mayport limanlarını tərk etdiyi bildirilib. Bunun Rusiyanın atdığı hansısa addıma qarşı olmadığı vurğulanıb. Bundan başqa, ABŞ-ın “Harry S. Truman” döyüş gəmiləri birliyi “Neptun Strike-22” təlimi üçün Aralıq dənizində yerləşdirilib. “Neptune Strike-22” təlimi fevralın 4-də başa çatıb.

Almaniya, Polşa və Rumıniya daxil olmaqla Şərqi Avropa ölkələrindəki NATO və ABŞ qüvvələrinə 3000 əlavə hərbçi göndərəcəyini açıqlayan Vaşinqton artıq Polşada 3000-lik qüvvə yerləşdirib. Bununla Almaniya, Polşa, Estoniya, Litva və Rumıniyadakı ABŞ hərbçilərinin sayı 15 mini keçib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər