Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Kapitalın İnkişafı Fondunun (UNCDF) icraçı katibi Priti Sinha ilə görüşü baş tutub.
Bu barədə Teleqraf.com Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Görüşdə qarşı tərəfi salamlayan Ceyhun Bayramov Azərbaycanın BMT-nin müxtəlif institutları ilə münasibətlərin inkişafına yüksək önəm verdiyini qeyd edib. Ölkəmizin BMT-nin Kapitalın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını dəyərləndirməyə hazır olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyinin ilk illərində işğal faktoru ilə üzləşdiyini, nəticədə dünyada əhalisinin sayına nisbətdə ən çox məcburi köçkün olan ölkəyə çevrildiyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanın əvvəllər yardım alan bir ölkədən bugün, beynəlxalq birliyin məsuliyyətli üzvü kimi donor ölkəyə çevrildiyini vurğulayıb.
Ceyhun Bayramov, pandemiya dövründə 80 ölkəyə Azərbaycan tərəfindən COVID-19 pandemiyası ilə mübarizə istiqamətində yardımların göstərildiyini bildirib. Nazir, həmçinin Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı daxilində edilən yardımlar, ötən həftə Ukraynaya edilən humanitar yardım barədə danışıb.
Qarşı tərəf regiondakı hazırki vəziyyət, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan böyük həcmli bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb və bu xüsusda BMT-nin Kapitalın İnkişafı Fondu ilə əməkdaşlıqda maraqlı olduğumuz ifadə edilib.
BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibi xanım Priti Sinha səmimi qəbula görə təşəkkürünü bildirib və ölkəmizi müstəqilliyin 30 illiyi, eləcə də BMT ilə münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb.
O, təmsil etdiyi təşkilatın missiyası, beynəlxalq miqyasda həyata keçirdiyi layihələr, ölkəmizlə əməkdaşlıq perspektivləri barədə danışıb və təşkilatın dünyanın 46 ölkəsi ilə əməkdaşlıq etdiyini və bu ölkələrə müxtəlif istiqamətlərdə, o cümlədən yerli infrastrukturun, kiçik və orta sahibkarlığın inkişafı, rəqəmsal inkişaf və s. sahələrində yardımlar etdiyini qeyd edib.
Azərbaycanla Fond arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında maraq ifadə edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.