Venesuela hökuməti Ukraynadakı münaqişənin Avropanın və dünyanın digər regionlarına yayılma ehtimalından dərin narahatlıq keçirir, KİV-də nifrət kampaniyası və Rusiyaya qarşı sanksiyalar buna yönəlib.
Teleqraf.com xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro VTV telekanalının efirində çıxışı zamanı bildirib.
“Biz Avropada müharibə ehtimalından və bu silahlı qarşıdurmanın dünyanın digər regionlarına yayılmasından dərin narahatıq. Mediada ictimai nifrət kampaniyası başlanıb, həmçinin iqtisadi vəziyyətin pisləşməsinə yönəlmiş iqtisadi tədbirlər paketi hazırlanıb. Bu tədbirlər hərbi ssenarinin və hərbi əməliyyatlar teatrının Ukraynadan kənarda Avropaya, Avropadan isə planetin digər regionlarına yayılmasına şərait yaradır”, - deyə o qeyd edib.
Venesuela Prezidenti ümid etdiyini bildirib ki, vaxtında edilən bu xəbərdarlıq Qərbin və dünyanın mühüm liderlərini sarmış ağılsızlığı dayandıra bilər”.
“Münaqişə hərbi nöqteyi-nəzərdən genişlənir və bu, üçüncü dünya müharibəsinə səbəb ola bilər. Artıq onun qlobal nəticələri var – neft, benzin və qazın qiymətlərinə, ərzaq, gübrə, nəqliyyat xərclərinə dağıdıcı təsir göstərir. Qlobal təsir beynəlxalq münasibətlərin idarə olunmasında etibarsızlıqla ifadə olunur”, - Maduro bildirib.