Rusiyanın Ukraynaya müdaxiləsinin 23-cü günündə müharibə davam edərkən, dünən Moskvada Ukraynada öldürülən hərbçilər üçün dəfn mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, İngiltərənin BBC telekanalı Rusiyanın paytaxtında keçirilən dəfn mərasimi ilə bağlı maraqlı reportaj yayımlayıb.
“Rusiya ölən əsgərlərinin yasını saxlayır” başlıqlı reportajda Rusiyada hamının Ukraynanın işğalını dəstəkləmədiyi bildirilib.
BBC-nin Moskvada keçirilən dəfn mərasimi ilə bağlı reportajı belədir:
“Aleksandra və Antonina kilsəsində Rusiya bayrağı ilə örtülmüş bir tabut var. Üzərində zabit papağı və fotoşəkil...
Mixail Orçikov mexanikləşdirilmiş piyada birləşmələrindən birinin komandirinin müavini idi. O, Ukraynada döyüşərkən həlak olub.
Dəfn mərasimində hərbçilər də iştirak edir. Pravoslav keşiş əlində buxurla dua edərək gəzir. Buxurun kəskin qoxusu kilsə xorunun ahəngdar səslərinə qarışır. Başına qara örtük atmış həlak olan hərbçinin xanımı ətrafdakı insanlardan təsəlli tapmağa çalışır.
Ukraynada nə qədər rus hərbçisi ölüb?
Rusiyada rəsmi məlumatlardan başqa hər hansı bir informasiya yaymaq cinayətdir. Rusiya Müdafiə Nazirliyi “xüsusi hərbi əməliyyat” adlandırdığı bu işğalda 498 əsgərin öldürüldüyünü açıqlayıb. Amma bu məlumat martın 2-nə aiddir. O vaxtdan bəri yenilənməyib.
“Ölkəmizdəki vəziyyət adi deyil. Hər bunun fərqindədir”, - keşiş deyir.
Kreml cəmiyyətin Ukraynada döyüşən rus hərbçilərinin qəhrəman olduğunu və Rusiyanın hücumunun özünümüdafiə olduğunu düşünməsini istəyir. Dövlət televiziyasının həftəlik ən populyar xəbər proqramında deyilir ki, Rusiya indi müdaxilə etməsəydi, Ukrayna üç il ərzində NATO-ya daxil olacaq və nüvə silahına sahib olacaqdı, əvvəlcə Krıma, sonra Rusiyaya hücum edəcəkdi.
Rusiya Ukraynanı öz xalqına işğalçı dövlət kimi təqdim edir. Kostroma küçələrində də çoxları Kremlin rəvayətinə inanır. Bunun səbəblərindən biri də televiziyanın ictimai rəyə təsir etmək gücüdür. Digəri isə odur ki, böhran zamanı bir çox rus öz liderlərini refleks olaraq dəstəkləyir, sanki dövlət başçılarının səhv qərar qəbul etdiyinə inanmaq istəmirlər.
Kostromada yaşayan Nikolay deyir: “NATO burnumuzun dibində baza açmaq istəyir və onlarda nüvə silahı var. Putinə afərin. Onlara imkan vermədi”.
Təqaüdçü Nina İvanovna da Rusiyanın bu yolu sonadək getməli olduğunu düşünür.
Jurnalist Ninadan soruşur: “Rusiya televiziyasında bu mövzuda verilən məlumatlara nə dərəcədə inanırsınız?”
“Mən inanıram. Niyə inanmamalıyam? İnternetə həqiqətən etibar etmirəm”, - yaşlı qadın cavab verir.
Niyə internetə güvənmədiyini soruşanda “bilmirəm” deyir. Amma Rusiyada heç də hamı Ukraynanın işğalını dəstəkləmir.
Jurnalist Nikolskoye kəndindəki pravoslav keşiş Yoann Burdinin evinə baş çəkir. O, bu yaxınlarda müharibə əleyhinə açıqlama verib və bunu kilsənin saytında dərc edib. Keşiş bundan sonra yeni qüvvəyə minmiş qanun çərçivəsində “Rusiya Silahlı Qüvvələrinə böhtan atdığına görə” saxlanılıb və cərimələnib.
Yoann deyir: “Səbəbi nə olur-olsun, nə qədər haqq qazandırmağa çalışsalar da, mən inanıram ki, qan tökmək günahdır. Qan onu tökənlərin əlindədir, əmr verilibsə, əmr verənin də, onu dəstəkləyənin də, susanların da əlindədir. Ən pisi nifrətin yayılmasıdır. Bu, daha da dərinləşəcək. Çünki Ukraynada müharibə davam edir. Bunun qarşısını almaq üçün siyasi iradə də yoxdur. Hər iki tərəfdə nifrət güclənəcək və xalqlarımız arasında onilliklər boyu divar yaranacaq”.
Kostromada səkkiz əsgər Mixailin tabutunu məzara aparır. Hərbi orkestr təntənəli melodiya ifa edir. Silahların atılmasından sonra tabut Rusiyanın dövlət himninin səsləndirilməsi ilə məzara endirilir.
Qısa bir çıxış edilir:
“Oğul, qardaş və ata itkisi həmişə faciədir. Amma fəxr edirik ki, o, xalqımızı, övladlarımızı, vətənimizi müdafiə edərkən həlak olub”.
Nə olur-olsun, Vladimir Putinin göstərişi ilə Ukrayna sərhədini keçərək suveren xalqa hücum edən rus ordusudur. Putin deyir ki, “xüsusi hərbi əməliyyat” Ukraynanı “neo-nasistlərdən təmizləmək və tərksilah etmək” məqsədi daşıyır. Sanki Ukraynanı faşistlər idarə edir. Bunun heç bir həqiqət tərəfi yoxdur.
Son günlər Rusiya hakimiyyəti daha böyük məqsədlərinin olduğunu gizlətməyə ehtiyac duymur. Xarici İşlər naziri Sergey Lavrov Ukraynada baş verənləri “Rusiyanın legitim maraqları və dünya siyasi xəritəsindəki yerini saxlamaq uğrunda ölüm-dirim mübarizəsi” adlandırıb.
Deməli, bu, Moskvanın Ukraynanı öz təsir dairəsinə salmaq üçün geosiyasi məqsədləri olan müharibədir. Ukrayna hökuməti bunun qarşısını almaqda qərarlıdır”.