Rusiyanın Ukraynadakı işğalının 27-cü günündə müharibə və diplomatiya trafiki davam edərkən, hərbi itkilərin artması Vladimir Putini hərəkətə keçməyə sövq edib.
Teleqraf.com xəbər verir ki, müharibədə 6 yüksək vəzifəli generalını itirən Rusiya lideri Putinin Suriyadakı Bəşər Əsəd rejimindən sonra Liviyadakı qiyamçı qüvvələrin komandanı general Xəlifə Haftardan muzdlu döyüşçü istədiyi iddia olunub.
Ukrayna mətbuatının məlumatına görə, Rusiya Liviya muzdlularını müharibəyə göndərməyə hazırlaşır: “Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiya 15 mindən çox şəxsi heyətini itirib, buna görə də Liviyadan muzdlu döyüşçülər gətirməyə hazırlaşır. Xəbər Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında da təsdiqlənib”.
Ukrayna Baş Qərargahının açıqlamasına istinad edilən məlumata görə, Xəlifə Haftarın Moskvaya səfəri zamanı Liviya “könüllülər”inin Ukraynaya göndərilməsi ilə bağlı razılıq əldə edilib. Qeyd edilib ki, liviyalı muzdluların Ukraynaya gətirilməsi Rusiya Aviasiya Qüvvələri və “Vaqner” qrupu tərəfindən həyata keçiriləcək.
“Röyter” bundan əvvəl məlumat yayıb ki, Suriya rejimi ordusunun bəzi bölmələri Rusiyanın hücumlarını dəstəkləmək üçün Ukraynaya getməyə hazırdır, amma hələlik müvafiq əmri almayıblar.